Milli Şura dünya ictimaiyyətinə səsləndi

“Milli Şura dünya ictimaiyyətindən “Müsəlman Birliyi” Hərəkatı təmsilçilərinin və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının məhkəmə prosesini diqqətlə izləmələrini istəyir”.
Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzi avqustun 3-dә keçirilən növbəti iclasından sonra yayılan məlumatda deyilib. İclas barәdә məlumatda deyilir ki, həm qurumun üzvü olan, həm olmayan müstəqil hüquqşünasların iştirakı ilə referenduma çıxarılan Konstitusiyaya düzəlişlər də ciddi müzakirə olunub.
Milli Şuranın məlumatında deyilir ki, Tale Bağırzadə başda olmaqla, Müsəlman Birliyi Hərəkatı üzvləri və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının üzərində qurulmuş məhkəmənin gedişi də müzakirə olunub: “ABŞ və bir çox aparıcı Avropa dövlətlərinin diplomatlarının müşahidəçi kimi 3 avqust prosesini izləmələrini təqdir edirik”.
Açıqlamada vurğulanıb ki, məhkəmə araşdırmasının elə ilk günündə Tale Bağırzadə verdiyi sərbəst ifadəsində hakimiyyət orqanlarının onu və sədri olduğu Müsəlman Birliyi Hərəkatı üzvlərini təxribata çəkmək üçün necə planlar qurduğu barədə danışıb: “Taleh Bağırzadə məhkəmədə xüsusilə də Milli Şuranı, onun sədri Cəmil Həsənlini və AXCP sədri Əli Kərimlini Nardaran hadisələrilә zorla əlaqələndirmək üçün ona verilən dəhşətli işgəncələri təsvir edib”.
Koordinasiya Mərkəzində həmçinin Konstitusiya dəyişiklikləri ilə bağlı hüquqşunaslarla müzakirələr aparılıb:
“Milli Şura Koordinasiya Mərkəzi bir daha o qənaətə gəlib ki, təklif olunan dəyişikliklərin irəli sürülməsi özü mövcud Konstitusiyanı pozmaq cəhdidir. Təklif olunan dəyişikliklər ölkəmizdə avtoritarizmi və rəsmən elan olunmasa da, artıq formalaşmış sülalə hakimiyyətini daha da möhkəmləndirməyə xidmət edəcək”.
Milli Şura hesab edir ki, ümumiyyətlə, bu dəyişikliklər ilk növbədə İlham Əliyevin istədiyi vaxt hakimiyyəti xalq tərəfindən seçilməyən ailə üzvlərindən birinə asanlıqla ötürə bilmәsi üçün meydana çıxıb: “Milli Şura ölkənin əsas qanununa bu şəkildə qeyri-ciddi münasibəti qəbul etmir. Milli Şura Konstitusiyaya təklif olunan düzəlişləri birmənalı şəkildə pisləyir, onların qəbul edilməməsi üçün bütün mümkün olan qanuni vasitələrdən istifadə edəcək. Milli Şura Konstitusiya dəyişikliklərinə mane olmaq üçün atacağı konkret addımlarla bağlı xalqa müraciətlə çıxış edəcək”.