Müsavat imza vərəqələrini MSK-ya təhvil verib

Müsavat Partiyasını təşəbbüsü ilə yaradılan “Respublika” təşviqat qrupu referendumla bağlı toplanılan seçici imzalarını bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasına təhvil verib.
Bu haqda məlumatı Müsavat başqanının müavini, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Yadigar Sadıqov verib.
“Ümumilikdə 88 seçki dairəsindən 41 128 imza toplanaraq müvafiq qaydada MSK-ya təhvil verildi. İmza toplanması prosesində müsavatçılarla yanaşı “Nida” və D-18 təşkilatlarının nümayəndələri də aktiv iştirak ediblər ”, – Yadigar Sadıqov bildirib.
Yadigar Sadıqov deyib ki, Seçki Məcəlləsinə əsasən MSK ən geci bir həftə ərzində “Respublika” təşviqat qrupunun rəsmi qeydə alınması məsələsinə baxmalıdır.
Müsavat başqanı Arif Hacılı imzaların toplanması prosesində iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.
“Bu, mövcud anti-demokratik şəraitdə çox çətin bir iş idi. İmza toplayan şəxslərə, hətta seçicilərə belə total təzyiqlər var idi. Amma bu təzyiqlərə, imza toplanması üçün müddətin qısa olmasına baxmayaraq biz bu işin öhdəsindən gəldik”,-deyə o bildirib.