Nardaran hadisələrinə görə həbs edilənlərin valideynləri hökumətdən azadlıq tələb edir

Avqustun 19-da Nardaran hadisələri zamanı həbs edilənlərin yaxınları mətbuat konfransı keçiriblər.
Tədbirdə iştirak edənlər yaxınlarının haqsız yerə həbs olunduğunu bildirərək onların azadlığa buraxılmasını tələb ediblər.
Həbsdə olsan Bəhruz Həsənovun valideynləri bildiriblər ki, oğulları tam günahsız yerə həbs edilib, işgəncələrə məruz qalıb. Valideynlərin sözlərinə görə, onlar Nardaranda yaşamayıblar. Sadəcə oğulları Bəhruz Həsənov Nardaranda tikintidə çalışıb. Elə namazını da oradakı məsciddə qılıb:
“Onun çevrilişlə əlaqəsi yoxdur. Oxuda bilməmişik deyə, heç elə şeylərə savadı da çatmır. Səbəb, sübut olmadan oğlumu aparıb işgəncələr verib, ifadələr alıblar. Mən tələb edirəm ki, övladımın üzərindəki maddələr götürülsün, o azadlığa buraxılsın. Oğlum həqiqətən cinayətkardırsa bizə video görüntü , sübut göstərsinlər ”-deyə valideynlərdən biri qeyd edib.
Təqsirləndirilən Aqil İsmayılovun babası İsmayıl İsmaylov da baş verənləri qurulmuş oyun adlandırıb: ” Məmurlar bu oyunu mükəmməl qura bilməyiblər. İndi buna görə,bizə cavab verə bilmirlər. Aqilə məcburi, işgəncələrlə müxtəlif kağızlara imza çəkdiriblər. Onları təhdid ediblər ki, imzalamasanız ananızın, bacınızın başına oyun açacağıq. Mənim oğlum Qarabağda vuruşub. Prezidentdən tələb edirəm ki, bu işə diqqət ayırıb övladlarımızı azadlığa çıxarsın”
Nardaran hadisələri ilə bağlı həbs olunanların yaxınları qeyd ediblər ki, bir çox yerli qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almayıblar. Bundan sonra isə beynəlxalq təşkilatlara üz tutmağı düşünürlər.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub.
Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonrakı günlər də həbslər davam edib.
Sonradan prokurorluq açıqlama yayaraq, hadisələrlə bağlı bəyan edib ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.
Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Hərçənd, onlar özləri bu ittihamları rədd edirlər. Tutulanlar bildirir ki, onlardan ifadələr işgəncə altında alınıb.