Putin prezident administrasiyasına yeni rəhbər təyin edib

Rusiya prezidenti Valdimir Putin Anton Vaynonu prezident administrasiyasının yeni rəhbəri təyin edib. Bundan əvvəl o, administrasiyanın rəhbəri Sergey İvanovun müavini vəzifəsində çalışıb.
“Dövlət rəhbərinin sərəncamına əsasən Anton Eduardoviç Vayno Rusiya Federasiyasının prezident administrasıyasının rəhbəri təyin olunub” deyə Kremldən yayımlanan mesajda bildirilib.
Vaynonun sələfi Sergey İvanov isə prezidentin təbiətin mühafizəsi fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
1972-ci ildə Estoniyanın paytaxtı Tallində doğulan Vayno, Estoniya SSR-in KP Mərkəzi Komitəsinin birinci katibi (1978-1988) Karl Vaynonun nəvəsidir. Anton Vayno 1996-cı ildə Moskva  Dövlət Beynəlxalq Əlaqələr Universitetinin bitirib. 1996-2001-ci illərdə Rusiyanın Yaponiyadakı səfirliyində çalışıb. 2001-2002-ci illərdə xarici işlər nazirliyində, 2002-ci ildən sonra müxtəlif dövlət işlərində çalışan Vayno, 2012-ci ildən Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanovun müavini vəzifəsində çalışıb.
Yapon və ingilis dillərini bilir. Evlidir,  bir oğlu var.