“Qardaşımın şəklini göstərib dedi ki, onun sənin yerində olmasını istəmirsənsə, qol çək”

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən Abbas Hüseynov hakim Əlövsət Abbasovdan Bakı ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə şikayət yazdığını bildirib. Qeyd edib ki, hakim şahidlərə istiqamətverici sözlər deyir. Hakim şikayəti sədrə çatdıracaqlarını bildirib.
Daha sonra vəkillər təqsirləndirilən şəxslərə saxlanılandan sonra işgəncə verilməsi haqqında tibbi ekspertizanın keçirilməsi barədə vəsatət veriblər. Bildiriblər ki, Fuad Qəhrəmanlıdan başqa saxlanılan şəxslərin hər biri işgəncəyə məruz qaldıqlarını bildirirlər. Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova isə onun bədənində olan güllələrin çıxarılması barədə vəsatət verib.
Prokuror vəsatətlərin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev sualları cavablandırıb. Vəkil Elçin Sadıqov ondan soruşub ki, bütün polislər zirehli gödəkcə geyinmişdilərsə, ölən polislərdən birinin qarnına güllə necə dəyib? Şahid özünün gödəkcə geyindiyini, digərlərindən isə xəbəri olmadığını deyib.
Vəkil ondan yaralanan polislərə tibbi yardım göstərilməsini görüb-görməməsini soruşub. Şahid görmədiyini deyib.
Vəkil Yalçın İmanov ondan polislərdə qumbara olub-olmamasını soruşub. Şahid polislərdə qumbara olmadığını deyib.
Təqsirləndirilən Cabbar Cabbarov isə maşında onlara işgəncə verən şəxslərdən birinin Elçin Tağıyev olduğunu deyib.
Taleh Bağırzadə isə çıxış edərək bildirib ki, əməliyyat zamanı mühafizə polisləri ərazini mühafizə ediblər:
“Siz nəyə görə səsgücləndiricidən istifadə etmədiniz? Onsuz da ərazi mühafizə olunurdu. Heç kim yaxınlaşa bilməyəcəkdi”. Elçin Tağıyev suala cavab verməyib. Bildirib ki, bunu qrupa rəhbərlik edən Kərim Əlimərdanov cavablandırar. Şahid vəkillərin suallarının çoxuna “xatırlamıram” cavabını verib. Vəkil Nemət Kərimli isə bununla bağlı vəsatət qaldırıb. Bildirib ki, şahid sualların çoxuna “xatırlamıram” cavabını verir. Vəkil onun psixiatrik ekspertizadan keçirilməsini, ekspert qarşısında onun hadisə baş verən günü olanları dərk edib xatırlayıb-xatırlamaması sualının qoyulmasını istəyib. Hakim vəsatəti növbəti iclasda müzakirə edəcəklərini bildirib.
İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hikmət Əliyev şahid və zərərçəkmiş şəxs qismində ifadə verib. O, Taleh Bağırzadənin Nardaranda silahlı dəstə yaratması, hakimiyyəti zorla ələ keçirmək istəməsi barədə onlarda məlumat olduğunu, bununla bağlı idarədə müşavirə keçirildiyini deyib. Bildirib ki, keçirilən əməliyyatda iştirak edib. O, hadisə baş verən evə çatanda polis əməkdaşlarının xəbərdarlıq atəşi açdıqlarını bildirib. Həyətə o və digər polislər girəndə partlayış baş verib. Həyətdə olan hovuzun yanında gizləndiyi üçün xəsarət almayıb: “Həyətdə bir nəfəri gördüm. Daha sonra evə keçib 50-55 yaşlarında bir kişini zərərsizləşdirdim. Onun əlində bıçaq var idi və mənə müqavimət göstərmək istəyirdi. Baxış zamanı cibindən qumbara çıxdı. Həmin şəxs İbrahim Xudaverdiyev idi. Ona idman fəndi işlədib yerə yıxdım və zərərsizləşdirdim”. Şahid bildirib ki, atəş olan tərəfə o da atəş açıb. Lakin onun atdığı güllələrin kiməsə dəyməsini və yaxud kiminsə ölməsini bilmir.
Prokuror Nəsib Bayramov isə ondan təqsirləndirilən şəxslərə işgəncə verilməsi haqqında soruşub. Bildirib ki, əsas müzakirə mövzularından biri də onlara işgəncə verilməsidir. Prokuror şahiddən kiməsə işgəncə verilməsini və yaxud belə bir hadisəyə şahid olub-olmamasını soruşub. Şahid belə bir hadisənin şahidi olmadığını, kiməsə işgəncə vermədiyini deyib.
Vəkillər ondan hansı zərəri çəkdiyini soruşublar. Şahid mənəvi zərər çəkdiyini deyib: “Bizə qarşı atəş açılıb”.
Vəkil Yalçın İmanov ondan müşavirəyə kimin rəhbərlik etdiyini, başqa müşavirə olub-olmamasını, əməliyyat zamanı onun harada dayanmasını, hansı mövqeyi seçməsini kimin müəyyən etdiyini soruşub.
Şahid bildirib ki, müşavirəyə Kərim Əlimərdanov rəhbərlik edib. Başqa müşavirənin keçirilməsi barədə məlumatı yoxdur. Onun hansı mövqeyi seçməsini və harda dayanmasını isə Kərim Əlimərdanov müəyyən edib. O, suallara cavab olaraq üzərində “Zəfər” silahının, bəzi polislərdə isə rezin atan avtomatın olduğunu deyib.
O, İbrahim Xudaverdiyevi evdə saxladığını bildirib. Vəkil Yalçın İmanov isə ondan soruşub ki, necə olur, evə ilk daxil olan Elman Bayramov olur və İbrahim Xudaverdiyev ona heç bir xəsarət yetirmir, lakin o, içəri daxil olanda İbrahim Xudaverdiyev ona hücum edir. Şahid həmin şəxsin bir nəfərə hücum edə biləcəyini deyib: “O, bir nəfərə hücum edə bilərdi. Yəqin ona görə belə oldu”.
Vəkillər şahiddən soruşub ki, o, bir nəfəri zərərsizləşdirdiyi zaman necə olur Abbas Quliyevin də kiməsə müqavimət göstərməsini görür? Şahid həyətə girəndə Abbası gördüyünü deyib.
Təqsirləndirilən İbrahim Xudaverdiyev isə onu tutan şəxsin Hikmət Əliyev olmadığını deyib:
“Mən evin içində yox, mətbəxin qapısının yaxınlığında saxlanılmışam. Bilmirəm nə fərqi var ki, məni tutan yox, başqası gəlib ifadə verir. Mən elə bilirdim müstəntiq araşdıracaq. Lakin 9 ayda müstəntiq görmədim. İndi də cinayət törədənləri məhkəməyə zərərçəkmiş kimi çağırırlar. Günahsız adamlar isə zindanda qalıb”.
Şahid isə ifadəsini verdiyini, İbrahim Xudaverdiyevi özünün tutduğunu deyib.
Taleh Bağırzadə ondan soruşub ki, necə ola bilər, dəstə başçısı hesab olunan özü evdə köməksiz vəziyyətdə qalır. Şahid isə həyətin Taleh Bağırzadənin adamları tərəfindən mühafizə olunduğunu deyib.
Fuad Qəhrəmanlı isə ondan soruşub ki, idmançı olmaya-olmaya necə idman fəndi işlədib
Şahid peşəkar idmançı olmasa da, həftədə iki dəfə idmanla məşğul olduğunu deyib. Fuad Qəhrəmanlı deyib ki, digər şahid Elman Bayramov ilk 2 polis həyətə girəndə partlayışın baş verdiyini, Hikmət Əliyev isə həyətdə 7-8 nəfər olan zaman partlayış baş verdiyini deyir: “Bu ziddiyyəti necə izah edə bilərsiniz?”. Hikmət Əliyev hadisəni belə xatırladığını deyib.
Təqsirləndirilən Əli Nuriyev isə Hikmət Əliyevin onun əlini qandalladığını, Kərim Əlimərdanovla birlikdə onu toka verdiklərini deyib. O, əllərində olan izləri də göstərib:
“Lakin mənim ifadəmə qolu İslam Ağabəyov çəkdirib. O, qardaşımın və əmim oğlunun şəkillərin mənə göstərib dedi ki, onların sənin yerində olmasını istəmirsənsə, qol çək”.
Rasim Cəbrayılov da Hikmət Əliyev tərəfindən işgəncəyə məruz qaldığını deyib. Şahid onu kiminləsə səhv saldıqlarını söyləyib. Bildirib ki, təqsirləndirilən şəxslərdən Abbas Quliyevi üzləşmə zamanı görüb. Heç kimə işgəncə verməyib: “Mən başqa bir bölmədə işləyirəm. Kərim Əlimərdanovla bir şöbədə işləmirik. Sadəcə əməliyyatda birlikdə olmuşuq. Mən orda adi bir işçiyəm, kiməsə göstəriş verə bilmərəm”. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti yoxdur. Onların cəza məsələsinin isə məhkəmə tərəfindən həll olunmasını istəyib.
Qeyd edək ki, proses avqustun 31-də davam edəcək.
“Müsəlman Birliyi Hərəkatının” rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.  T.Bağırzadə heç kimi öldürmədiyini, heç bir silahlarının olmadığını, əksinə güc orqanlarının təxribatları ilə üzləşdiyini bildirir.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Hər iki şəxs siyasi sifarişlə həbs olunduqlarını bildiriblər.
MƏNBƏMeydan Tv
Əvvəlki məqaləYazıçı üçün vicdan və fikir azadlığı xüsusilə vacibdir
Növbəti məqalədə12 saatlıq Cenevrə görüşü başa çatıb, Suriya məsələsində razılıq əldə olunub