QHT rəhbərləri Açıq Hökümət Tərəfdaşlığı Platforması yaratmağa çağırıblar

Bir qrup QHT və mətbuat orqanı rəhbəri Azərbaycan Açıq Hökümət Tərəfdaşlıq Platforması (AAHTP) yaratmaq təşəbbüsü ilə çıxış edib.
22 fəalın qəbul etdiyi müraciətdə xatırladılır ki, 2011-ci ildə Azərbaycan Açıq Hökümət Tərəfdaşlığına ilk qoşulanlardan biri olub.
Bu beynəlxalq təşəbbüsü dəstəkləyən 70 ölkə açıq və səmərəli idarəetmə sistemindən istifadə etmək, mülki təhsili genişləndirmək, korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq öhdəlikləri götürüb. Həmçinin vətəndaşların hökumət məlumatlarına çıxışının təmin edilməsi, onların idarəetmədə iştirakı, dövlət idarəetməsində yüksək etika məcəlləsinin, yeni hesabat texnologiyalarının tətbiqi və hökumətin açıqlığı nəzərdə tutulurdu.
Açıq Hökümət Tərəfdaşlığının mühüm prinsiplərindən biri hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığıdır. Təşəbbüsə qoşulduqdan bir il sonra Azərbaycan hökuməti 2012-2015-ci illər üçün Açıq Hökümətin Təşviqi üzrə Fəaliyyət Planı və 2012-2015-ci illər üçün Milli Korrupsiyaya qarşı Mübarizə Planını qəbul edib.
Bu il daha bir sənəd – 2016-2018-ci illərdə Açıq Hökümətin təşviqi üzrə Milli Plan qəbul edilib.
Amma bu sənədlər hazırlanarkən müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai nəzarət məqsədilə iştirakı təmin edilməyib. Əksinə, onların fəaliyyəti məhdudlaşdırılıb.
Bunun nəticəsi olaraq 2016-cı ilin mayında Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığındakı statusu fəal iştirakçıdan qeyri-fəal üzrə endirilib. İndi hökumətin öhdəliklərini yerinə yetirməsi və ölkənin əvvəlki statusunu bərpa etməsi üçün bir ildən az vaxt qalıb.
Müraciət müəllifləri 2016-2018-ci illərdə Açıq Hökümətin təşviqi üzrə Milli Planda hakimiyyətin QHT-lərin iştirakı ilə Açıq Hökümət Tərəfdaşlıq Platforması yaratmaq niyyətini bəyan etməsini müsbət qiymətləndirirlər. “Bununla üçün QHT-lərin fəaliyyətindəki məhdudiyyətlər aradan qaldırılmalı və onlarla məsləhətləşmə mexanizmi yaradılmalıdır”, deyə müraciətdə qeyd edilir.
 Sənəd müəllifləri hakimiyyəti hökumət və QHT arasında dialoqa şərait yaratmağa, vətəndaş cəmiyyətinin təşəbbüslərinə dəstək üzrə məsləhətləşmələr mexanizminin formalaşdırılmasına töhfə verməyə və ölkənin Açıq Hökümət Tərəfdaşlığında tamhüquqlu üzvlüyünün bərpasına şərait yaratmağa çağırırlar.
Müraciəti Əsabəli Mustafayev, Akif Qurbanov, Anar Məmmədli, Azər Mehdiyev, Ələsgər Məmmədli, Qubad İbadoğlu, Xalid Ağaliyev, Mehman Əliyev, Samir Əliyev, Rövşən Hacıbəyli və digər vətəndaş cəmiyyəti fəalları (ümumilikdə 22 nəfər) imzalayıblar.
İmzalar:
1.     Asabali Müstafayev  – Demokratiya və insan hüquqları resurs mərkəzi
2.     Akif Qurbanov – Demokratik Təşəbbüslər İnstitutu
3.     Anar Məmmədli – Hüquq Müdafiəçisi
4.     Aynur İmranova – “Media və Demokratiyanın inkişafına dəstək”İB
5.     Azər Mehtiyev – İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
6.     Bəşir Süleymanlı  – SMDT
7.     Ələsgər Məmmədli – Hüquqşünas, hüquq müdafiəçisi
8.     Əvəz Zeynallı – “Xural” qəzeti
9.     Xalid Ağaliyev  – Media Hüququ İnstitutu
10.   Xalid Bağırov – Hüquq müdafiəçisi
11.   Qalib Toğrul  – İqtasadi Araşdırmalar Mərkəzi
12.   Qubad İbadoğlu – İqtisadi Araşdırmalar Mərkəzi
13.   Mehman Əliyev – Turan İnformasiya Agentliyi
14.   Nəsimi Məmmədli  – Yayımların Monitorinq Mərkəzi İB
15.   Oqtay Gülalıyev – Demokratik İslahatlar Ugrunda İB
16.   Rasul Cəfərov  – İnsan Huquqlari Klubu
17.  Rövşən Hacıbəyli – Demokratik Jurnalistika Məktəbi
18.  Samir Əliyev  – Media və İctimai Təşəbbüslər Mərkəzi İB
19.  Şəhla İsmayıl – Rasional İnkişaf Uğrunda Qadınlar Assosiasiyası
20.  Samir Kazımlı   – Hüquq müdafiəçisi
21.   Zöhrab İsmayıl  – Azad İqtisadiyyata Yardım İctimai Birliyi
22.   Ziya Quliyev  – Hüquq Təşəbbüsləri Mərkəzi