Rafiq Tağı anıldı – fotolar

Xəbər verdiyimiz kimi bu gün saat 16.00-da mərhum yazıçı-publisist Rafiq Tağı məzarı başında anılıb. Anım mərasimində jurnalistlər, yazıçılar və mərhum yazıçının qardaşı iştirak edib. Mərasimi Mehman Əliyev öz sözləri ilə açıb:
“Rafiq müəlimin dedikləri kimlərinsə xoşuna gəlmirdi. Onun proqnozları özünü qısa zamanda doğrultdu. Elə bilirdilər uzun çəkəcək, amma qısa müddətdə böhranlar baş verdi. Əgər Elmar Hüseynovu, Rafiq Tağını dinləsəydilər, bəlkə də bu böhranlar baş verməzdi. Dəyişikliklər qaçımılmazdı, artıq bu sistemi köhnə qaydada saxlamaq olmaz. Bu dəyişikliklərdən sonra Azərbaycan azad olacaq. İnanıram ki, azad Azərbaycanda onun fəaliyyətinə çox yüksək qiymət veriləcək”.
Daha sonra jurnalist Xədicə İsmayıl da çıxış edib: “Rafiq Tağının qətlinə görə hələ heç kimin cavab verməsinə nail ola bilməmişik. Nə qədər ki bu qətllər cavabsız qalacaq, biz bu günləri özümüz üçün gözləməli olacağıq. Onun dövründə ritorikası xətalı sayılırdısa, bu gün mövzular adi sayılır. Buna görə də mövzulardan qorxmamalıyıq, çünki başqa çarəmiz yoxdur. Bəziləri Rafiq Tağının qətlində səbəb axtarır, ancaq bu düzgün deyil. Sözə qarşı, vicdan azadlığına qarşı istənilən cinayət pislənməlidir. Bizim ona borcumuz hələ də qalır, danışmaqda davam etməliyik”.
Mərasimdə çıxış edən Rasim Qaraca, Rafiq Tağının çap edilməyən hekayələrinə diqqət çəkib: “Bugün yaşasa 66 yaşı olacaqdı. Vaxt gələcək, onun yaradıcılığı araşdırılacaq, hər kəlməsi diqqət mərkəzinə gətiriləcək. Rafiq müəllimin təxminən 500-ə yaxın hekayəsi var, ancaq onlardan 150-si çap olunub. Qalan hekayələrinin çapında dövlət də maraqlı olmalıdır, biz də çalışmalıyıq. Rafiq Tağı böyük şəxsiyyət idi, onun böyüklüyünü şərtləndirən əsas amillərdən biri vahid missiyasının olması idi. O öz missiyasını tamamlayaraq dünyadan köçdü. Son nəfəsinə qədər eyni yolu davam etdi”.
Sonda isə yazıçı-publisist Murad Köhnəqala mərhum yazar ilə bağlı danışıb. M.Köhnəqala Rafiq Tağının müəmmalı ölümündən söz açaraq bildirib ki, hökümət onun qatillərini tapmağa borcludur: “Rafiq Tağı bizim əqidə yoldaşımız idi. Şəxsi tanışlığımız uzun illərə dayandığı üçün onu yaxşı tanıyırdım. Rafiq müəllim yanına gələn xəstələri öz pulu ilə müalicə edirdi. O, gözəl həkim olmaqla yanaşı həm də nümunəvi vətəndaş idi. Müstəqillik dövrümüzün qəzet publisistikasında öz dəsti-xətti olan birinin kənarda qalmış esseleri çap edilməlidir ki, onun kim olduğu bilinsin, gənclər tərəfindən tanınsın. Yazıçının ölümündə isə qatillərin video-görüntüləri danıldı, bəlkə də hansısa qüvvələrdən qorxdular. Biz bilirik ki, fitva İrandan gəlmişdi, onun qatillərini təbrik edən sənəd var idi. Ancaq hökümət bunun izinə düşmədi, hətta onun ölümünü dəstəkləyənləri belə cəzalandırmadı. Azərbaycan höküməti elə bilir ki, bu cür istedadların itirilməsi ilə nəsə qazanır. Xeyr, əksinə itiririk. Bu gün mümkün olmasa da, gələcəkdə onun adı tədris kitablarına salınmalıdır. Hekayə ustadı, işıqlı ziyalı olan Rafiq Tağı iti qələmi ilə yanaşı, böyük şəxsi keyfiyyətlərə də malik idi. O daima haqqın yanında oldu və heç vaxt qələminə xəyanət etmədi. Sonda deyim ki, əgər fransız ədəbiyyatının vicdanı Viktor Hüqo idisə, Azərbaycan ədəbiyyatının vicdanı Rafiq Tağıdır”.
Çıxışlardan sonra Rafiq Tağının qardaşı ailəsi adından anım mərasimində iştirak edən qonaqlara təşəkkür edib.

20160805_164356 20160805_164317 20160805_164041 20160805_164050 20160805_164307