“Respublika” təşəbbüs qrupu üçün imza toplayan Masallı sakini Prokurorluğa çağırılıb

Müsavat Partiyası tərəfindən yaradılan “Respublika” təşəbbüs qrupu üçün imza toplayan Masallı sakini Cəmilə Eynullayeva avqustun 18-də Masallı rayon Prokurorluğuna çağırılıb.
Bu barədə Meydan TV-yə C.Eynullayevanın atası Məmmədağa Eynullayev məlumat verib: “Ondan əvvəl ərazi nümayəndəsi çağırmışdı, mən də dedim ki, çağırış göndərilsin, sonra gələrik”.
M. Eynullayevin sözlərinə görə, qızı C.Eynullayeva rayonun Musaküçə kəndində imza toplayıb: “Musaküçə kənd icra nümayəndəsi onun imza toplamasından xəbər tutan kimi rayon icra hakimiyyətinə şikayət edib. Avqustun 17-də isə Masallı rayon Prokurorluğu rəsmi məktub yazaraq, Cəmiləni prokurorluğa dəvət edib. Məktubda göstərilib ki, Cəmilə Musaküçə kənd ərazi nümayəndəsinin məlumatının araşdırılması üçün prokurorluğa dəvət olunub. Qəribədir ki, ərazi nümayəndəsi prokurorluğa şikayət etmədiyini bildirib, prokurorluqdan isə şikayət edib deyilir. Sadəcə, qızımın referendumla bağlı imza tolaması icra hakimiyyətinin başçısı Rafil Hüseynovun əlinə məni həbs etmək üçün bəhanə verib. Bu iddiamın əsasında o dayanır ki, rayon icra başçısının qanunsuz əməllərini ifşa edirik, konkret olaraq, Bakıda mətbuat konfransı keçirir və mətbuatı məlumatlandırırıq. Buna görə də, ərazi nümayəndəliyinin işçilərindən qızımın əleyhinə izahat alıb prokurorluğa göndərirlər. Rayonda çox anormal durum yaranıb, prokurorluq Masallı Ziyalılar İctimai Birliyinin sədri Asəf Əliyevin icra hakimiyyətinin qanunsuz əməlləriylə bağlı şikayətini polis şöbəsinə göndərir, amma qızımın imza toplaması barədə icra hakimiyyəti prokurorluğa tapşırıq verir ki, araşdırın. Əvvəla, prokurorluq niyə ziyalıların şikayətini polisə göndərməlidir, ikinci, referendumla bağlı imza toplamaq nə vaxtdan qanunsuzluq olub? Təsəvvür edirsiniz vəziyyəti? Bu absurd durumdan adam iyrənir”.
O, avqustun 20-də rayon prokurorluğuna gedəcəyini bildirib.
Gün ərzində Masallı rayon Prokurorluğundan rəy almaq cəhdimiz baş tutmayıb.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah MeydanTV-yə verdiyi açıqlamasında deyib ki, ölkə boyu imzatoplanmasına maneələr yaradılır: “Salyan rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birgə Müsavatın rayon təşkilatının sədrinə təziq edərək imza vərəqələrini götürməyə cəhd edib. Abşeron və Siyəzən rayonlarında imza vərəqələrini oğurlayıb qaçıblar. Bakı avtovağzalında Ağcəbədi müsavatçılarına hücum olub. Ağcəbədi rayonundan toplanan imzalar götürülüb. Hadisə kameraların altında baş versə də, polis araşdırma aparmaqdan imtina edir. Qazax rayonunda yerli təşkilatın sədri İlqar Mustafayev yerli icra hakimiyyəti nümayəndələrinin və polisin basqısı altında imza toplayır. Cəlilabad rayonunda imza vərəqələrini oğurlayıb qaçan şəxsi müsavatçılar saxlayıb polisə təhvil verib, lakin polis heç bir tədbir görmür”.