Sizə bir qadından danışmaq istəyirəm – Bəxtiyar Hidayət

Bəxtiyar Hidayət
Anadan olduğum və cəmi 17 il yaşadığım Yuxarı Əskipara kəndi dünyanın cənnət məkanlarından biri idi. Azərbaycanda üç anklav kənd var- Naxçıvanda Kərki kəndi və Qazaxda Yuxarı Əskipara ilə Barxudarlı kəndi. Bizdən Aşağı Əskiparaya qədər 7 km məsafə erməni ərazisi idi. Kənd sakini rəhmətlik Qəmbər babadan soruşmuşdum bu ara məsafəsinin necə meydana gəldiyini. Cavabı bu olmuşdu ki, Nikolayın vaxtında bu ara məsafəsi qısa imiş, o zaman erməni və Azərbaycan sərhədləri kömürlə təyin edilibmiş və axtarsalar kömür basdırılan sərhədlər tamam ayrı sərhədlər imiş. Sonra da əvvəl 20-ci illərdə, dalısınca da 40-ci illərdə bu sərhədlər dəyişib. Hətta bizim kəndin Göy dağda, Naltökəndə, Çivinlidə, Çaldaşda da ərazisi varmış. Bu ərazilər hamısı bir yerdə Qazaxın indiki ərazisi qədər olar.
Mən Qəmbər babadan bunu soruşanda qanan vaxtlarım idi – 15-16 yaşım vardı. Onda hər il yayda dağa köçərdik və Yuxarı Əskiparaya, çoxlarının dağ havası almağa getdiyi yerə “binəyə köçmüş” biz tərəkəmələr “aran” deyərdik. Binələr iki yerdə idi – sovxoz binələri və bizim binələr. Sovxoz binələrinə köçənlər su gətirmək üçün ermənilərin hardasa güllük çəpəri qədər olan setkalarını aşıb suya getməli idilər. İnsafən ermənilər yezidlik etməmişdilər.
Qəmbər babanın dediyinə görə, o güllük setkası boyda olan setka da Nikolayın vaxtında basdırılmış kömür sərhəddən xeyli bəridə idi. Bəs bu sərhədlər necə bəri çəkilmişdi, hansı əsasla, bunu dəqiq bilən yox idi. Və nəhayət bir gün bunu bildim. Bu isə indilərdə yadıma düşdü. İndilərdə “google earth”la demək olar hər gün kəndimizi ziyarət edirəm. Az qala ağac-ağac tanıyıram oraları. Hətta 7 min hektarlıq meşədə Qoca Alınça dediyimiz ağacı da, binə yerimizin yanındakı ağcaqayını da, palıdı da, Əli kişinin yurdundakı ağcaqayını da, çəpərimizdəki cöyüzləri də, özüm əkdiyim boz ağacı da tapmışam. Amma əvvəllər bu qədər dəqiq ola bilmirdim.
Səbəb isə google-da kəndimizin yalnız yaz vaxtının verilməsi idi, hər tərəf yaşıllıq olduğundan dağı-daşı ayırd etmək olmurdu. Amma indi kəndimizin payız vaxtı da google-a “düşüb”. Bir yan yaşıl, bir yan sarı, gözümüz açılıb bir az. Və bir də fərq etdim ki, heç google-a da düz əməlli düşməyib bizim ərazilər. O sovxoz binələri yerləşən yer – Qayanın qışlağı deyilən yer kəsilib ermənilərə verilib. Eləcə də digər yerlər. Bax bunu fərq edəndə bir qadın düşdü yadıma – Pakizə xanım. Qazax milisində müstəntiq işləyirmiş. Deyilənə görə hal-hazırda təqaüddədir və Şəmkirdə yaşayır. Əslən də Şəmkirdəndir. Haqqında özgə heç nə bilmirəm…
1989-cu ilin 31 avqust günü idi. Səhəri gün məktəb abşlayacaqdı. Mən 9-cu sinifə, Aşağı Əskipara kənd orta məktəbinə gedəcəkdim. Aşağı Əskipara indiyə qədər kənddən çıxmamış uşaq üçün ayrı bir aləm idi və deməli yaxşı pal-paltar alınmalı idi. Anamla Qazaxa gəlmişdik ki, o vaxtlar biz tərəfdə elə Qazax şəhərinə də “bazar” deyilirdi. Yəni bazara gəlmişdik. Pal-paltar alıb saat iki tamamda vağzaldan tərpəndik. Qrafik belə idi –  saat üçdə avtobus kənddə olmalı idi. Amam həmin gün biz kəndə xeyli gec çatdıq. Yolda qəza olmuşdu- “Səməd ağa vurulan” deyilən yerdə. (Səməd ağanı da vaxtilə burda ermənilər vurubmuş). Anam Aşağı Əskiparadan olduğundan az qala hələ gəlib orda qalası olacaqdıq. Amma birdən yol açıldı. Həə, yolu açdıran qadın Pakizə xanım idi.
Bizim 130 evlik kənddə 600 yerlik böyük bir klub tikilirdi. Çünki yayda kənddə adam çox olurdu. Yalnız elə 6-7 yerə pioner düşərgəsi düşürdü. O klubda işləyən bir kamaz sürücüsü həmin Səməd ağa vurulan deyilən yerdə bir erməni 2106-sını vurub dərəyə aşırmışdı. Deyəsən erməni ölmüşdü. Bizim sürücü də eləmə tənbəllik, erməni milisinin əlinə düşməmək üçün qaçıb Aşağı Əskiparaya gəlib, ordan da yaxşı insanlar bunu gətirib Qazax milisinə təhfil vermişdilər. Kamaz da elə yerdə dayanmışdı ki, yolu keçmək mümkün deyildi. Qazax milisində müstəntiq işləyən Pakizə xanım həmin sürücünün işinə baxmalı olmuşdu. Biz hadisə yerinə çatanda erməni milisləri asıb-kəsirdilər. Onda da ruscam indikindən qat- qat yaxşı idi. Deyilənləri əməllicə anlayırdım.
Ermənilər hadisənin onların ərazisində olduğunu, buna görə də əvvəl kamazın onların cərimə meydançalarına aparılmalı olduğunu, sonra da həmin sürücünün Ermənistan SSR-də mühakimə olunmalı olduğunu tələb edirdilər. Bir sözlə zəncir gəmirirdilər. Bizim avtobusda olanlar da, Aşağı Əskiparadan hadisə yerinə gələnlər də, bizim milislər də buna qarşı çıxırdılar. Amma ortaya fakt qoyan yox idi, arqument gətirən yox idi. Və birdən o qadın- Pakizə xanım özünü yetirdi. Təxminən 35-40 yaşı olardı onda. Nisbətən dolubədənli, zəhmli bir xanım idi. Pakizə xanım faktla gəlmişdi.
Ermənilərin hamısını susdurdu. Bildirdi ki, 70-ci illərdə (dəqiq il dedi, indi xatırlamıram) Yuxarı Əskiparaya təzədən yol çəkiləndə Noyemberyan rayon Voskepar kənd camaatı (Aşağı Əskipara ilə bizim kəndin arasındakı erməni kəndi) Moskvaya bir xeyli məktub yazıblar. Yazıblar ki, bəs bizim ərazilərimizdən azərbaycanlılar yol çəkir, bizim də əkin yerimiz, biçin yerimiz zay olur. Buna görə də bizə əlavə torpaq verilsin. Ərizəyə Moskva müsbət yanaşıb, Yuxarı Əskiparanın meşə ərazisindən xeyli torpaq ermənilərə verilib. Buna görə də o 7 km-lik yol Azərbaycan ərazisidir. Sən demə hadisə yerinə gec gəlməsinin də səbəbi bu imiş. Hansısa sənədləri toplayırmış. Ermənilər mat-məəttəl qaldılar. Pisikmiş halda maşına doluşub aradan çıxdılar. Biz də yolumuza davam elədik. Kamaz da Qazaxa gətirildi…
İndi isə Yuxarı Əskiparanın onsuz da ermənidə olan ərazisinin xəritəsi düz çəkilməyib. Qayanın qışlağı, Koroğlu qalasının bir hissəsi və başqa yerlər “kəsilib ermənilərə verilib”. Demək Pakizə xanımın sübut etdiyi həqiqətlər imiş Qəmbər babanın dedikləri də. Demək Qayanın qışlağında binələşənlər məhz buna görə o güllük setkaları qədər olan setkalardan keçib su gətirirmişlər. Demək ermənilər 70-ci illərdə də bizdən torpaq alıbmışlar…
Pakizə xanımda olan qeyrəti sonralar çox kişilərdə görmədim. Buradan ona salamlarımı çatdırır, uzun ömür arzulayıram. Deyirəm nə ola, oxuya bu yazını. Bilə ki, qədrini bilənlər var. Və elə bilirəm Pakizə xanım kimiləri o kamaz sürücüsünün həyatını xilas edən kimi bu ölkəni də xilas edə bilərlər.