“Standard & Poor’s”dan Azərbaycanla bağlı bədbin proqnoz

Standard & Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqi ilə bağlı yeni proqnozunu açıqlayıb. Agentlik indiyədək “stabil” qiymətləndirilən proqnozu “neqativ”ə endirib. Proqnozun aşağı salınması ölkə iqtisadiyyatının zəifləməkdə olması ilə izah edilib.
Bu haqda agentliyin press-relizində bildirilir. Agentlik Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.
“2016-cı ilin 6 ayında Azərbaycan iqtisadiyyatının inkişaf tempi Standard & Poor’s-ün proqnozlaşdırdığından xeyli aşağı olub. Agentlik Azərbaycan iqtisadiyyatının 1 faiz azalacağını güman edirdi, ancaq faktik azalma 3,4 faiz təşkil edib. Standard & Poor’s 2016-cı ildə iqtisadiyyatın daha 3 faiz azalacağını, artımın isə 2017-ci ildə başlaya biləcəyini güman edir. Ancaq artım da böyük çətinliklərlə üzləşəcək”, deyə agentlik qeyd edir.
Standard & Poor’s ehtimal edir ki, 2017-ci ilə proqnozlaşdırılan ortalam 3 faizlik iqtisadi artım əldə edilməzsə, bunun ciddi neqativ nəticələri olacaq. Həyat standartları aşağı düşə, dövlətin fiskal çevikliyi zəifləyə bilər.
Agentliyin ehtimallarına görə, bu il Azərbaycanda ümumi daxili məhsulun həcmi 59 milyard manat təşkil edəcək. Qarşıdakı illərdə ÜDM-nin artacağı, 2019-cu ildə 77 milyarda çata biləcəyi güman edilir.
Azərbaycanın kredit reytinqlərində geriləmə əsasən, neftin ucuzlaşması ilə başlayıb. Standard & Poor’s yanvarda Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsinə endirib. Bu “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır.
Fervralda “Fitch” də Azərbaycanın reytinqini azaldaraq, “BBB-” səviyyəsindən “BB+”yə endirib. Ardınca dövlət şirkətlərinin və bankların – Dövlət Neft Şirkətinin, Azərbaycan İpoteka Fondunun, “Azərenerji”nin və əksər bankların reytinlqəri aşağı salınıb.