STP Konstitusiya dəyişikliklərindən narahatdı

Sivil Toplum Platforması (STP) avuqstun 8-də növbəti toplantısını keçirib.
Toplantıda STP üzvləri əsas etibarilə bu il sentyabrın 26-da keçirilməsi gözlənilən Referenduma çıxarılacaq Konstitusiya dəyişiklikləri layihəsini müzakirə edib. Toplantıda bununla bağlı ciddi narahatlıq ifadə olunub.
Bununla əlaqədar STP-nin ayrıca mövqe sənədi hazırlaması qərara alınıb. Eyni zamanda, təkliflərin dərindən araşdırılması və yaxın zamanlarda geniş müzakirənin təşkili üçün ictimai forum keçirilməsinə qərar verilib.
Toplantıda STP üzvü Fuad Həsənovun sağlıq durumu müzakirə edilib. Səhhətinin ciddi ağırlığı ilə bağlı dərin narahatlıq bildirilib. Həmçinin onun müalicəsinə fərdi, toplu və dövlət halında dəstək üçün STP adından müraciət qəbul edilib.
Xatırladaq ki, STP ölkənin bir qrup ictimai, siyasi və media fəallarının təşkilatçılığı ilə 2015-ci ilin dekabrın sonlarında yaradılıb. Qurumun əsas məqsədi ölkədə iqtisadi-syasi islahatların dərinləşdirilməsinə dəstək vermək və demokratik prinsiplərin güclənməsinə nail olmaqdır.