Tarix və üzləşmək – Rahim Valiyev

Nietzsche, həyatda tarixin gərəkli olduğunu, amma tarixin ifratının da zərər verdiyini iddia edir. Ona görə üç növ tarixdən söhbət gedə bilər: 1- Böyük işlər görmək arzusu içində olanların yazdığı xatirələr tarixi, keçmişdə görülmüş böyük işlərin bu gün də baş verə biləcəyini sübut etməyə çalışır. 2- Hörmətlə keçmişini qoruyan və vərdiş etdiyi şeylərdə israr edənlərini etnik tarixi, heç bir şeyin dəyişmədiyini sübut etməyə çalışır. 3- Bu gün əziyyət çəkən və möhtac olanların yazdığı tənqidçi tarix, keçmişi mühakimə edərək hökmlər verir. Üçü də tarixə tərəfli baxışdır. Hələ satılan tarixçilərsə, insanları sürüləşməyə məruz qoyur.
Tarix ekstremizminə qarşı Nietzsche, insan həyatı və gələcəyi üçün bəzən tarixə fərqli baxmalı olduğumuzu deyir. Yəni elmə, fəlsəfəyə, sənətə yönəlməklə. Amma insanların tarixdən başqa istəkləri də var. Başqa sözlə köhnə hadisələri və münasibətləri, xüsusən mənfi olanları unutmaq, tarixi arxa planda tutmaq lazımdır. Hadisənin baş vermə tarixi ilə unudulması arasındakı zaman fərqi artdıqca, unudanların da sayı artmalıdır.
Lətifəni çoxunuz yəqin ki eşitmisiniz: “Bir Xristian ilə bir Yəhudi uzun müddət dostluq edir. Bir gün Xristian qaça-qaça gəlib Yəhudi dostunu döyməyə başlayır. Yəhudi bir fürsət tapan kimi soruşur: “Nə baş verir, niyə məni döyürsən?” Xristian isə, siz həzrət İsanı çarmıxa çəkib öldürmüsünüz, deyir. Yəhudi; “Amma o hadisə 2000 il əvvəl olub” deyə təəccübünü bildirir. Xristian; “Olsun. Mən yeni öyrəndim deyir”. Demək ki, hadisəni bilən xristianlar çoxdan unudub, amma yeni öyrənənlər intiqam almaq həvəsindədir. İslamda da sünni-şiə məsələsi elə buna bənzəyir. Eynilə milliyətçilik qavramının gəlişindən sonra günümüzdə belə əziyyət çəkdiyimiz faşizmi də örnək gətirmək olar. Problemlərinsə başlıca səbəbi hadisələrlə üzləşməyi bacarmayan fərdlərin, cəmiyyətlərin yetişməsi, yetişdirilməsidir.
Danılmaz həqiqətdir ki, üzləşmə mədəniyyətinin olmadığı cəmiyyətlərdə degenerasiyanın, pozğunluğun qapıları asanlıqla açılır. Üzləşmə ədəbin çatışmazlığı, ədalətsizliyin, korrupsiyanın çəkinmədən alınıb-verilməsinin ortadan qalxmasının təminatı deyilmi? Bu mühitin ərköyünləşdirdiyi şiddət, nifrət, düşmənçilik və korrupsiya həyatımızı ram edir. “Başqa”sına dözümsüz bir cəmiyyət yaratmağı bacarmış olanlar, bu ölkəni soyub soğana çevirərkən, bir-birilərinə siyasi, dini, etnik kin bəsləyənlər, işsizlik faizlərini, borc və kredit bataqlığı içində qalmış olmalarını, ac yalavac qalmış olmalarını əhəmiyətsiz hesab edirlər. İqtidarda olanlar min illərdən bəri yaratdıqları süni problemlərlə cəmiyyətləri qütblərə ayıraraq idarə etməyi bacardılar. Oxumadıqları, araşdırmadıqları, izləmədikləri əsərlərə əvvəlcədən mükafat paylayan bir mentalitetin, feodal torpaq ağalarının əxlaqından, mədəniyyətindən nə fərqləri var ki ? Başqalarına haqsızlıq etmə haqqını və gücünü özlərində necə tapırlar, anlamıram.
“Bu baxımdan zorakılıq, təzyiq, haqsızlıq və pis təcrübələrlə üzləşməmiş və hesablaşmamış olmaq, günümüzdə sosial qütbləşmənin daha da dərinləşməsinə, haqsızlıqların bir norma halına gəlməsinə, qəzəb, nifrət və linç mədəniyyətinin oturuşmuş hala gəlməsinə yol açır. Bu səbəblə, cəmiyyətimizin keçmişdə baş vermiş bütün zülm və haqsızlıqların cəzasız qalmamasını təmin edəcək bir keçmişlə hesablaşma prosesinə girməyi lazımdır. Bundan yayınmaq, bunu gecikdirmək unudanın, unutdurulanın və ən nəhayət boğulanın yalnız və yalnız təxribatçı gücünün daha da şiddətli formada geri gəlməsi ilə nəticələnəcək . (1)
1-Ümit Kurt, Hafaza-i Beşer Nisyanla Malûl mü? Birikim jurnalı 2009 Fevral
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.