YAP referendumla bağlı təşəbbüs qrupu yaratdı

Sentyabrın 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası təşəbbüs qrupu yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağını keçirilib.
Yığıncağda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib. Məlumatı YAP-ın rəsmi saytı yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun “Yeni Azərbaycan” adlandırılması qərara alınıb.
Yığıncaqda təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub, habelə yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.