ABŞ: BMT-nin humanitar yardım karvanını Rusiya vurub

ABŞ-ın ilk məlumatlarına görə, Suriyanın Hələb şəhərində BMT humanitar yardım karvanına təşkil edilən və 12 nəfərin həyatını itirdiyi hava hücumunu Rusiya həyata keçirib.
Suriyanın Hələb şəhərində yardım konvoyuna təşkil edilən hücuma bağlı ilk tapıntıların Rusiyanı işarə etdiyi bildirilir.
Amerikan CNN kanalına açıqlama verən ABŞ rəhbərliyindən iki səlahiyyətli nümayəndə “ABŞ-ın əldə etdiyi ilk nəticələr Suriya Ərəb Qızıl Xaç Komitəsinə bağlı yardım konvoyunun rus qırıcıları tərəfindən vurulduğu şəklindədir”, – deyə qeyd ediblər.
Nümayəndələr, yalnız rus döyüş təyyarələrinin o əsnada hücum edə biləcək mövqedə olduğunu və yerli qaynaqların da bunu təsdiqlədiyini deyib.
ABŞ ordusunun hücum bölgəsiylə əlaqədar peyk və radar görüntülərini araşdırdığını dilə gətirən səlahiyyətlilər, bölgədə hücum anında Suriya rejiminə aid təyyarə və ya vertolyotun olduğuna dair bir məlumatın hələ özlərinə çatmadığını söyləyib. Onlar vurğulayıb ki, ard-arda iki hava hücumu meydana gəlib və rus ordusunun taktikası ilə tam uyğunluq təşkil edir.
Rus tərəfi isə “hücumu biz və ya Suriya rejimi reallaşdırmayıb” açıqlamasını edib.
ABŞ xarici işlər naziri John Kerry və Nazirlik sözçüsü John Kirbynin son açıqlamalarına toxunan nümayəndə, bu açıqlamalarda hücumla əlaqədar məsuliyyətin Rusiya tərəfində olduğunun vurğulandığını qeyd edib.
Kirby, “Bu konvoyun gedəcəyi yer Suriya rejimi və Rusiya tərəfindən bilinirdi və buna baxmayaraq Suriyalılara kömək aparan şəxslər öldürüldü”, ifadələrini istifadə etmişdi.
Xatırladaq ki, Hələb şəhərinin qərb hissəsində müxaliflərin idarəsindəki bölgəyə gedən humanitar yardım karvanına təşkil edilən hücumda 12 nəfər həyatını itirmiş, 20 yük maşını da yanmışdı.