Aclıq aksiyası keçirən gənc istəyinə nail olub

Binəqədi Rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti ala bilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aclıq edən Aqşin Beynəlmiləl istəyinə nail olub.
Nazirlikdən bildirilib ki, ona işsizlik müavinəti veriləcək.
9 gündür qanuni haqqını tələb edən 26 yaşlı gənc, bu müddət ərzində hər gün səhər 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı parka gələrək, axşam saat 19:00-a qədər orada otururdu.
Xatırladaq ki, Aqşin Beynəlmiləl daha əvvəl verdiyi açıqlamada, Binəqədi Məşğulluq Mərkəzinin əsaslandıra bilmədiyi “səbəblərdən” müavinəti vermək istəmədiyini deyərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət etdiyini, lakin onun məktubuna cavab verilmədiyini bildirmişdi.