Allahı sübut etmək onu yox etməkdir – Ayaz Mahmudbəy

Din mənim üçün bağlanmış mövzudur. Ancaq, dinin həmişə mistik tərəfi məni maraqlandırıb. Bir də, biz elə cəmiyyətdə yaşayırıq ki, neynəsən də bütün problemlər gəlib din, mentalitet, hakimiyyət üçlüsünə dayanır.
Bizim dindarlar bilirsiz harada məğlub olublar? Allahı sübut etməyə çalışanda. Axı iman təslim olmaqdır, iman görmədən inanmaqdır. İman Füzulinin Məcnunu, Dostoyevskinin İdiotu kimi dəlilikdir. İman prinsipcə sübut olunmaza inanmaqdır. Yəni, elmlə imana müdaxilə heç vaxt mümkün deyil. İman nədir? İman odur ki, elə məhz sübutedilməz olduğu üçün inanıram. Ancaq bizim dindarlar Allahı sübut etmək istəyirlər.
Allahı sübut etmək onu yox etmək deməkdir. Çünki bir şeyi sübut etdikdən sonra onu yox edə bilərsiz. Sözün qısası, elmi düşərgədə dayanıb, alim mandatı ilə Allahın varlığı-yoxluğu haqqında danışmaq olmaz. Çünki, Allah elmi yox fəlsəfi nəsnədir.
Ancaq din haqqında elmi danışmaq olar. Çünki din elmi predmetdir. İslam dinini isə elmi-pozitiv yolla sübut etməyə çalışmaq ya cəhalət rüsvayçılığı, ya da ideologiya həyasızlığıdı.
Ən çox verilən suallardan biri budur “Axı din mənim niyə var olduğumu deyir, başqa heç bir elm, fəlsəfə bunu mənə deyə bilmir”. Əslində bu çox təhlükəli bir şeydir. Dinin pis tərəfi odur ki, bu cür essensialist suallara ştamplı cavablar verərək başqa variantlara baxmaq istəmir.
Cəmiyyət bu cür dünyagörüşünü sıxışdırıb kənara qoymalıdır, çünki o yayılsa bütün əks düşüncələri məhv edər. Əslində bu sualın cavabı insanı passivləşdirər, onu yalnız məlum istiqamətdə çalışmağa sövq edər.
Ona görə də sekulyar dövlət din üçün lazım olan yeri ayırmalı və onu həmin sərhəddən kənara çıxmağa qoymamalıdır. Sosiallaşıb-siyasiləşən,  əks fikri, tolerantlığı rədd edən bir din cəmiyyətdə mütləqləşərsə, biz hamımız batarıq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.