Almaniyanın Mecklenburg Vorpommern əyalətində dünən baş tutan parlament seçkilərində qaliblərdən biri də Almaniya üçün Alternativ pariyası oldu.

Rəsmi olmayan nəticələrə görə, irqçi və ifrat sağ yönümlü partiya olaraq tanınan AA ilk dəfə iştrak etdiyi seçkilərdə 20,8% səs toplayıb. 16 əyalətdən doqquzunda təmsil edilən AA-nın 2017-ci ilin payızında Federal Parlamentdə yer alacağı gözlənilir.

Təqribən 1.3 milyon seçicisi olan Mecklenburg Vorpommern əyalətində dünən parlamentdəki 71 yer üçün seçki keçirilib. 17 partiyanın yarışdığı seçkiyə seçicilərin 61,6%-i qatılıb.

Rəsmi olmayan nəticələrə görə, dörd partiya seçilib. Sosial Demokrat Partiya səslərin 30.6%-ni alaraq, 26 millətvəkili ilə ən güclü partiya, AA isə 20.8%-lə ən çox səs toplayan ikinci partiya olub. Üçüncü yerdə 19%-lə Angela Merkelin partiyası olan Xristiyan Demokrat İttifaqı Partiyası, dördüncü  yerdə isə 13,3% səslə Sol Partiya olub.

İrqçilik, xarici vətəndaşlar, yəhudilər və LGBTİ nümayəndələrinə nifrət və düşmən münasibəti ilə tanınan AA, cəmiyyətin mühafizəkar və dindar, iqtisadiyyatın isə liberal modelini təbliğ edir. Bu səbəbdən partiya rəhbəri Bernd Lucke və köməkçisi Frauke Petry tez-tez etirazlara məruz qalırlar.