Azərbaycan “Euronest”ə qayıtmaq istəyir

Bir il əvvəl “Euronest”dən (Avropa Parlamenti və “Şərq tərəfdaşlığı” proqramının üzvləri arasında əlaqə qrupu) ayrıldığını bəyan edən Azərbaycan höküməti verdiyi qərardan geri çəkilmək haqda düşünür.
Belə ki, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması haqda Avropa Parlamentinin 10 sentyabr 2015-cil il tarixində verdiyi bəyanatdan sonra hökümət “Euronest”dən ayrılmaq barədə qərar qəbul etmiş, bununla yanaşı Avropa Parlamentinin ünvanına rəsmi səviyyəsində kəskin ittihamlar, xoşagəlməz ifadələr səsləndirilmişdi.
Xatırladaq ki, Milli Məclis Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqilə əlaqədar Euronest PA-dan çıxmaq barədə qərar qəbul etməsindən sonra verilən açıqlamada deyilirdi ki, Azərbaycan da Avropa Parlamentinin üzvlərinə qarşı eyni sanksiyaları tətbiq edəcək.
Həmin açıqlamanın yer aldığı sənəddə Avropa Parlamentinin rəhbəri “dialoq” istəməyən Martin Şultsun ünvanına ittihamlar yer alırdı.
Kəskin ittihamların səbəbi isə siyasi məhbusların azad edilməsi barədə Avropa Parlamentinin tələbinin Azərbaycan məhkəmələrinin işinə qarışmaq kimi qiymətləndirilməsi olmuşdu.
Azərbaycanın Euronest PA-da iştirakının dayandırılmasının ardından çıxış edən Səməd Seyidov demişdi: “Azərbaycan “Euronest”dən çıxmalıdır”.  O, bu təklifi “Avropa Parlamenti sıralarında korrupsiyanın üstünün açılması” ilə əsaslandırmışdı.
Daha sonra S.Seyidov Avropa Parlamentini Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıqda ittiham etmişdi:
“Bu gün Azərbaycan rəhbərliyi işğal olunmuş əraziləri ATƏT-in Minsk Qrupu və Avropa Parlamenti olmadan da azad etməyə qadirdir”.
Digər deputat Fuad Muradov isə Euronest PA-nın səriştəsizliyindən şikayətlənmişdi: “Avropa Parlamentində elə dairələr var ki, Azərbaycanın energetika sahəsindəki siyasəti onların xoşuna gəlmir. Bu qüvvələr regionda sabitlik istəmirlər. Nəhayət, aktiv erməni lobbisi Azərbaycanın mövqelərinin möhkəmlənməsindən narahatdır və bilir ki, yaxın vaxtlarda biz işğalda olan ərazilərimizi geri alacağıq”.
Ancaq bütün yaşananlardan sonra bu gün, sentyabrın 23-də Milli Məclisin üzvləri öz üsyankar bəyanatlarını unudaraq qərara alıblar ki, Avropa Parlamentinin günahı elə də böyük deyil və ora qayıtmaq lazımdır.
Belə ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov (eyni zamanda Avropa İttifaqı ilə parlamentlərarası əməkdaşlıq komitəsinin sədri) Avropa İttifaqı tərəfdən həmsədr Sayyad Kərimlə birlikdə bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Avropa Parlamenti nümayəndə heyəti ötən il Avropa Parlamenti və Azərbaycan arasında dialoqun olmamasına təəssüf edir. Hər iki tərəf normal dialoqun bərpasına ümid edir və Milli Məclisin “Euronest”də iştirakına operativ yardım göstərməyə hazırdır”.
S.Seyidov və S.Kərim “Euronest”i Milli Məclisin qurumun işində iştirakına yardım üzrə prosedurlarına yenidən baxmağa çağırıb.
Öz növbəsində Avropa Parlamenti nümayəndə heyətinin üzvləri bildiriblər ki, “Euronest”in işində iştirakla bağlı oktyabrın 6-dək (Azərbaycanın ‘Euronest’dən imtina barədə qərarının  qüvvəyə minəcəyi tarix) Bakıdan rəsmi açıqlama gözləyirlər.