Azərbaycan iqtisadiyyatının artım tempi mənfi olacaq

Dövlət maliyyələşməsinin azalması, kreditləşmədə durğunluq və neft hasilatının həcminin dəyişməzliyi ilə əlaqədar 2016-cı ildə Azərbaycan iqtisadiyyatının artım tempinin -2,4 faiz səviyyəsində olacağını gözlənilir.
Beynəlxalq Valyuta fondu belə hesab edir.
BVF-in Azərbaycandakı missiyasının rəhbəri əl-Qorçi qeyd edib ki, 2015-ci ildə orta inflyasiya 4,1% təşkil edib, 2016-cı ildə 10%-dək sıçrayış gözlənilir. Onun fikrincə, əsas problem bank sektorudur.
“Devalvasiya və resessiya bankların gəlirliliyinə zərbə vurub, çoxsaylı ümidsiz borc problemini dərinləşdirib. Hazırda rəsmi orqanlar problemin həlli ilə bağlı tədbirlər həyata keçirir, bununla əlaqədar bəzi banklar bağlanır”, – əl-Qorçi vurğulayıb.
Onun sözlərinə görə, daha çox qeyri-neft sektoruna  əsaslanan yeni iqtisadi modelə keçid miqyaslı struktur dəyişiklikləri tələb edir.
“Bu, müxtəlif tədbirləri əhatə edir: şirkətlər arasında rəqabətin stimullaşdırılmasından və özəl iş yerlərinin yaradılması prosedurunun sadələşdirilməsindən tutmuş işçilərin işə götürülməsi və çıxarılması, insan kapitalına və təhsilə investisiyalara qədər. Ola bilsin ki, hazırda ən mühüm vəzifə bank sisteminin çevik və yaxşı təşkil edilmiş şəkildə təmizlənməsidir ki, bu da iqtisadiyyatın real sektoruna kredit vəsaitlərinin effektiv axınını təmin edəcək”, – o bildirib.
Əl-Qorçi əlavə edib ki, BVF ilk növbədə qabaqcıl makroiqtisadi institutların yaradılması, sözügedən islahatlar prosesinin tərkib hissəsi olan siyasi əsaslar və tədbirlərin keçirilməsində rəsmi orqanlarla əməkdaşlıq yolu ilə yardım göstərə bilər.