Bir neçə televiziya kanalının adı dəyişdirilib – SİYAHI

“Region” televiziyasının rəhbərliyi Region TV brendinin dəyişdirilməsi ilə bağlı mətbuat konfransı keçirib.
Telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov bildirib ki, Region TV bundan sonra ARB TV kimi fəaliyyət göstərəcək.
İsmayıl Həsənov çıxışında bu yeniliyin Region TV ilə bərabər tərəfdaş telekanallara da aid olduğunu qeyd edib: “Həmin telekanallar da adlarını bizə uyğunlaşdıracaqlar. Bundan sonra TTV “ARB 24”, “Günəş” televiziyası “ARB Günəş”, Gəncədə fəaliyyət göstərən Alternativ TV “ARB Ulduz” kimi fəaliyyətini davam etdirəcək. Regional tərəfdaşlarımız da brendlərini bizə uyğunlaşdırdılar, Kəpəz TV “ARB Kəpəz”, Kanal S “ARB Şəki”, “EL TV” “ARB Aran”, RTV “ARB Şimal”, CTV isə “ARB Cənub” adı ilə yayımlanacaq”.
İ.Həsənov qeyd edib ki, hər bir kanalın adı onun fəaliyyət göstərdiyi məkanın adına uyğunlaşdırılıb: “Bu, Cənubi Qafqazın ən böyük tərəfdaşlıq layihəsidir. Bu tərəfdaşlıqda 9 kanal, bir radio təmsil olunur. Bura 5 regional, 3 tematik peyk yayımı olan TV və ARB TV daxildir. Media trendləri yenilənir, buna görə də biz bu addımı atdıq. Artıq, yeni efir konsepsiyasından çıxış edirik”.
O bildirib ki, kanalların tezliklərində heç bir dəyişiklik olmayacaq: “Biz daha çox keyfiyyətə üstünlük veririk. Efirimiz rəngarəng və çeşidlidir”.
İ.Həsənov bütün tərəfdaş kanalların eyni mikrofondan istifadə edəcəyini vurğulayıb.