Bu gecə dolların aqibəti bəlli olacaq

ABŞ Federal Ehtiyat Sisteminin verəcəyi qərar dünya maliyyə bazarlarını təsirsiz ötüşməyəcək
Yaponiya Mərkəz Bankının (BOJ) faiz dərəcəsini sabit saxlamaq qərarından sonra, dünya bazarında dollar yüksəlməyə başlayıb. Eyni zamanda, diqqətlər bu axşam açıqlanacaq ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarlarına yönəlib.
Hər kəs Yaponiyadan sonra FED-in bu axşam açıqlanacaq pul siyasəti qərarını səbrsizliklə gözləyir. Ümumi gözlənti ondan ibarətdir ki, FED faiz artımına getməyəcək. Ancaq investorlar qərardan sonra FED rəhbəri Janet Yellenin təşkil edəcəyi mətbuat konfransında bundan sonrakı faiz artımının vaxtı ilə bağlı ipucları axtaracaqlar.
Qeyd edək ki, FED ilə istiqraz əməliyyatları aparma səlahiyyətinə malik olan 23 təşkilatdan ikisi – “Barclays Plc” və “BNP Paribas SA” FED-in çərşənbə günü faiz artımına gedəcəyi fikrini müdafiə edib və istiqraz bazarının əks istiqamətində dayanıb. Belə ki, ilk dəfə birdən çox bazartənzimləyici təşkilat FED-in toplantısından əvvəl ortaq görüşün əksinə gedib.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da FED-in faiz qərarı açıqlanacaq.