“Bunlar sağlam adamı xəstə, normal adamı dəli edəcək qədər qəddardılar”

“Həbsdə olan jurnalisti Maştağaya göndərmək istəyirlər”, – bu barədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.
O bildirib ki, həbsdə olan jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı irəli sürülmüş ittihamı sübut edə bilməyən və gündən- günə ifşa olunduğunu görən ittiham tərəfi vəziyyətdən çox maraqlı “çıxış yolu” tapıb. Jurnalistin istintaqını aparan şəxslər ona təklif ediblər ki, səni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərək və səndə psixoloji problemlərin olduğuna dair Maştağadan həkim rəyi alaq:
“Daha sonra işi məhkəməyə göndərib sənin xəstə olmağını əsas gətirib işi yekunlaşdıraq. İlk baxışda kimsə deyə bilər ki, burda qeyri- adi nə var ki, hansı yolla edirlərsə etsinlər təki Fikrət Fərəməzoğlu azadlığa çıxsın. Məsələnin incə və qəliz tərəfi odur ki, razılıq verib susacağı təqdirdə jurnalist “dəli” elan edilir və ictimaiyyətə təqdim olunur ki, bu adam həm ağıldan seyrəkdir, həm də əqli çatışmazlığını özü də qəbul edir. Onun yazdıqları da həqiqətdən uzaq, əqli çatışmazlığı olan adamın sərsəmləmələridir”.
Oqtay Gülalıyev deyir ki, Fikrət Fərəməzoğlu təklifi qəbul etməyib. İstintaqın obyektiv aparılmasını və ədalətli məhkəmə ilə bəraət almaq istədiyini bildirib:
“Görürsünüzmü biz necə ölkədə yaşayırıq? Sap- sağlam və günahsız insanı şərləyib həbs edirlər, işgəncə verirlər. İrəli sürdükləri qondarma və əsassız ittihamları sübut edə bilməyəndə, görəndəki ittihamları ağ yalandır, ifşa olunur, yerimir təklif edirlər ki, gəl səni “dəli” edək. Özü də bütün bunlar ölkənin tanınmış jurnalistlərindən birinə qarşı həyata keçirilir. Bunlar sağlam adamı xəstə, normal adamı dəli edəcək qədər qəddardılar”.