“Cəlil Məmmədquluzadə sağ olsaydı, Azərbaycan telekanalları ona qadağa qoyardılar”

“Bu gün Azərbaycanın televiziya məkanında ermənilərə, terroristlərə və bizə qadağa qoyulub”.
Əməkdar artist, “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanovun müsahibəsini təqdim edirik:
-Tahir bəy, çoxdan gözlənilən “Ölülər 21-ci əsr” filminin təqdimatı baş tutdu. Bu münasibətlə sizi və yaradıcı heyəti təbrik edirik. Film üzərində 15 il çalışdığınızı bildirdiniz. “Ölülər”ə gələn yol niyə bu qədər uzun çəkdi?
– 15 il əvvəl Heydər Əliyev Sarayında keçirdiyimiz vida konsertində Ümummilli Liderimiz Heydər Əliyev pərdəarxasına gələrək bizi təbrik edəndə, “KVN Parni iz Baku” komandasının gördüyü işləri Cəlil Məmmədquluzadə yaradıcılığı ilə müqayisə etdi. Daha doğrusu, bizim komandanın tamaşaçıya çatdırdığı satira, yumor ilə böyük Mirzə Cəlil yaradıcılığı arasında paralellər apardı. Mən ilk dəfə həmin söhbətdə, Heydər Əliyevin dilindən “Ölülər” əsərinin adını eşitdim. Bilirsiz niyə? Sovet dövründə C.Məmmədquluzadənin “Ölülər” əsəri azərbaycan bölməsində məktəb proqramına daxil edilmişdi. Mən orta məktəbdə rus bölməsində təhsil aldığıma görə, “Ölülər” əsərini bizə tədris etməmişdilər. Buna görə də, məktəb illərində əsərlə tanış deyildim. Heydər Əliyevin çıxışından sonra “Ölülər” əsərini oxudum. Bununla yanaşı, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestini və “Kamança” əsərini oxumuşam. “Ölülər”i oxuyan kimi başa düşdüm ki, heç nə dəyişməyib. Həmin obrazlar müasir dövrdə də, yaşayır və belə qərara gəldim ki, mütləq bu filmin remeykini, yəni müasir versiyasını çəkmək lazımdır. Mən mütləq dedim, amma pul mütləq demirdi (Gülür). Pul deyir ki, “gözlə, sən məni tapana kimi, axtarana kimi…”. Beləliklə də, 15 ildən sonra azca vəsait tapıb, filmi ərsəyə gətirdik. Təkcə ssenari üzərində 4 il iş prosesi aparılıb. Yazırdıq, pozurduq, sonra yenidən yazırdıq. Beləcə əsas məqamı, Şeyx Nəsrullah nəyə görə gəlir? Müasir dövrdə onun “ölü diriltməyinə” niyə inanmalıdırlar? Bunun müqabilində o, nə qazanacaq? Bütün bu suallara biz cavab tapandan sonra ssenari ərsəyə gəldi və çəkilişlər başlandı.
– “Ölülər” şedevr əsərdir. Onun istənilən versiyasını çəkmək məsuliyyət tələb edir. Bu “yükü” daşımağa qorxmadınız?
– Təbii ki, bu qorxular var idi. Şəxsən mənim üçün Cəlil Məmmədquluzadə Azərbaycan satirasının banisidir. Start ondan başlayır. Hər bir işimizdə onun yaradıcılığına baxıb öyrənmişik və öyrənirik. Məhz buna görə bu filmin hazırlıq prosesi 15 il vaxtımızı aldı. Bu az müddət deyil. 15 il ərzində nə qədər hadisələr baş verib, əzizlərimizi itirmişik, Azərbaycanda bir çox islahatlar keçirilib, Azərbaycan inkişafa doğru gedir,dünya ölkələri ilə rəqabət aparırıq. Ona görə də, 15 il az müddət deyil. Belə deyək, “bir igidin ömrüdür. – Hazırlıq prosesi 15 il davam edən filmin çəkilişi nə qədər çəkdi? – Çəkilişlər qısa vaxtda alınıb. 32 gün ərzində filmi çəkib, bitirdik.
Amma söhbət çəkilişdən getmir. Əsas məsələ filmin post-prodakşınıdır. Filmin quruluşçu operatoru Litvadan, səs rejissoru Rusiyadan dəvət olunub. Post-prodakşın əvvəl Litvada sonra isə Rusiyada hazırlanıb. Ona görə də, film həm vizual, həm də səsləndirilmə baxımından keyfiyyətli alınıb. Adətən bəzi filmlərə tamaşa edəndə, aktyorların nə dediyi eşidilmir. Amma bizim filmimizdə belə problem yaşanmadı. Filmdə aktyorların pıçıltı ilə dediyi sözlər belə rahatlıqla eşidilir. Bu hal, komandanın peşəkarlığından xəbər verir.
– Hər iki mütəxəssis xaricdən dəvət olunub. Azərbaycanlı kino mütəxəssislərinə etibar etməmisiniz?
– Bizim xaricdən operator, səs-montaj mütəxəssisi dəvət etməyimiz, Azərbaycanda bu sahədə peşəkarların yoxluğu ilə izah olunmur. Təbii ki, Azərbaycanda peşəkar mütəxəssislər var. Amma daha keyfiyyətli texniki göstəricilərin alınmasını istəyirdik və bu məqsədlə super peşəkarlara müraciət etdik. (Gülür) – Tahir bəy, filmdə Mərziyə, Əliqulu kimi yeni obrazlar əlavə olunub… – Mən deməzdim ki, bu obrazlar yenidir. “Ölülər”in orijinalında bu obrazlar kənd camaatının arasında var, müəllim, həkim… Amma biz müasir varianta müəlliməni belə gördük. Sözsüz ki, başqa bir adam Cəlil Məmmədquluzadəyə müraciət etsə, onun təxəyyülünün məhsulu olaraq, yeni obrazlar yaranacaq. “Planet Parni iz Baku” komandası olaraq, bizim baxış bucağımız belə olub. Təbii ki, bu bizim subyektiv fikrimizdir və biz heç kəslə rəqabət aparmırıq. İddia etmirik ki, şedevr film çəkmişik. Xeyr, imkanımız yaranıb, çəkmişik, göstərmişik. Bunu bacarırıq.
– Filmin ümumi büdcəsi nə qədərdir?
– Gəlin, bu məsələlərə toxunmayaq. Sənətdən danışaq.
– Yəni, dünyada belə bir termin var ki, bahalıdırsa, deməli gözəldir.
– Dünyada termin var. Düzdür. Amma biz belə terminlərdən danışmazdan əvvəl, gördüyümüz işlərlə dünya standartlarına uyğun olmalıyıq. Mən hesab etmirəm ki, biz dünya standartlarına cavab verən işlər görürük. Belə hesab etsəydim, filmimizin təqdimatına “smokin” geyinib gələrdim.
– Tahir bəy, bir ildir Azərbaycanın efir teleməkanında sizə qadağaların olduğunu deyirsiniz?!
– Siz bunu indi bilirsiz? Bu həqiqətən belədir. 2015-ci ilin may ayından bizə bütün telekanallarda qadağa qoyulub.
– Səbəb nədir?
– Səbəb? Dövlət qurumlarını tənqid etmək olmaz. Bilirsiniz, qəribə olan odur ki, biz bu işlə 25 ildir məşğuluq. Təsəvvür edirsiniz? Bu, əsrin 1/4 hissəsidir. Bu tənqidləri ümummilli liderimiz Heydər Əliyev görüb, cənab prezidentimiz İlham Əliyev və ailəsi bizə baxıblar. Onlar bizim çıxışlarımızı bəyənib, alqışlayıblar. Həmçinin, dəfələrlə məmurlar görüb. Bir zamanlar bu tənqidləri həmin məmurlar qəbul edirdi, indi qadağa edirlər? Qadağa edirdinizsə, əvvəldən edərdiniz. Amma onda edə bilməzdilər. Çünki, Heydər Əliyev imkan verməzdi. Elə sonralar da, nə qədər ki sözümüzü cənab prezident İlham Əliyevə çatıra bilirdik, bizə mane ola bilmirdilər. Amma indi, əfsuslar olsun ki, sözümüzü cənab Prezidentimizə çatdıra bilmirik. Bundan istifadə edənlər bir düyməyə basıb, telekanalların rəhbərlərinə zəng edirlər və bizə qadağa qoydururlar. Görünür, məmurların hər hansı yollasa telekanalara müdaxiləsi mümkündür. KVN-ni ilk vaxtlardan Ümummilli Liderimiz dəstəkləyib, bizə xeyir-dua verib. Əsas məsələ odur ki, 25 ildir Azərbaycan dövlətinə xidmət edirik. Buna görə heç kimə minnət qoymamışıq, heç kimdən nəsə ummamışıq. Dövlətimizə, onun adına təmənnasız xidmət etmişik. Necə ki, bunu Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev edib. Biz özümüzü bu dahilərlə müqayisə etmirik. Amma bizi onlarla birləşdirən ortaq cəhət- dövlətimizə təmənnasız xidmət etməyimizdir. “Parni iz Baku ” KVN komandasının 25 illik yubileyi haqqında heç bir telekanalın səsi çıxmadı. Elə bil biz tarixdə olmamışıq. Sizin sayt vasitəsilə onlara sual verirəm. Ayıb deyilmi? Sabah ölkə başçımız xəbər tutanda və bizim efirlərdən hara yox olduğumuzu soruşanda, yenidən bizi efirə qaytarmaq istəyəndə nə deyəcəksiniz? Üzümüzə necə baxacaqsınız? Azərbaycan KVN-nin rəmzi, “vizitkartı” olan Bəhram Bağırzadənin üzünə necə baxacaqsınız? XX-ci əsrin çempionları olan, erməniləri dizüstə çökdürən Cabir İmanovun, Azər Məmmədzadənin, Emil Abbasovun, Tahir İmanovun – yəni mənim, üzümə necə baxacaqsınız? Bizi yandıran elə budur. Amma sabah bizə bir şey olsa, qəzaya düşsək, başımıza daş düşüb ölsək, hamı bizdən danışacaq. Bizim haqqımızda verilişlər hazırlanacaq. Deyəcəklərki, “biz onları çox sevirdik. Onlar dahi komanda idi. Tahir İmanov bizi düzgün başa düşmədi. Onlara heç bir qadağa qoyulmayib. Belə şey olmayıb və s.” – Bu gün Azərbaycanın televiziya məkanında 3 istiqamətdə qadağa qoyulub. Ermənilərə, terroristlərə və bizə… Qoy, telekanallarımız camaatın başını savadsız maqazin verilişləri, səviyyəsiz teleseriallarla qatsınlar. Mən özümə diqqət istəyirəm. Mən sənət adamıyam. Efir sənət adamının, sənətkarın oksigenidir. Mən çox şey istəmirəm. Heç olmasa ilin 365 günündən bizə də, gün sərf etsinlər. Mən sizi inandırım ki, sabah ölkə başçısı bizim konsertimizə gəlsə, dərhal göstərəcəklər. Deyəsən, televiziya rəhbərləri unudublar ki, biz bütün mövzulara ölkə başçısının tənqidlərindən sonra toxunuruq. Sadəcə, prezidentin irad bildirdiyi məsələləri biz satira və yumorun dili ilə səhnələşdiririk.
– Tahir bəy, Mirzə Cəlil sağ olsaydı, yeni filminizi bəyənərdi?
– Birincisi, Cəlil Məmmədquluzadə sağ olsaydı, Azərbaycan telekanalları ona qadağa qoyardılar. İkincisi isə, mən belə sualları xoşlamıram. Olmayan şeydən necə danışaq?! Mən satira, komediya, yumor janrında iştirak edən aktyoram. Fantastika janrı mənlik deyil.
– Son olaraq: qarşıda yeni əsər, yeni layihə varmı?
– Bəli, yeni əsər var. Heydər Əliyev Fondunun dəstəyi və hörmətli Leyla xanım Əliyevanın baş prodüsserliyi ilə, Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini, mətbəxini təbliğ və tərənnüm edən layihənin üzərində işləyirik. İnşallah 2017-ci ilin fevralında bütün Rusiyada, Kalininqraddan – Vladivostoka qədər bu film işıq üzü görəcək. Görürsünüz, Rusiya bizi qəbul edir, amma Azərbaycan telekanalları qəbul etmir. Əsas odur ki, bizi ölkə başçımız qəbul edir və 25 illik yubileyimiz ərəfəsində teatrımızın iki aktyoru – Bəhram Bağırzadə və Cabir İmanov Əməkdar Artist fəxri adına layiq görülüb. Baxın, bu qiyməti bizə cənab prezidentimiz verib. Amma qadağaları telekanallar qoyub.