Cahangir Hacıyevin ölkədən milyardlar çıxarmasına kim icazə verib?

Cümə günü Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin işi üzrə prosesdə şahid ifadələri dinlənilib. Hacıyevin keçmiş birinci müavini Emin Mustafayev öz şefinin əleyhinə ifadə verib.
“İttihamda göstərilən 157 kredit, o cümlədən VİP kreditlər Cahangir Hacıyevin özünə, ailəsinə və ona yaxın insanlara verilib. Bunun üçün Müşahidə Şurasının qərarı lazım idi, amma bu, olmayıb.
Bu kreditlər zəmanətlə verilməli idi, amma Cahangir Hacıyevin göstərişi ilə biz onları zəmanətsiz verməyə məcbur olduq. Bu, qanunsuz idi, buna görə Hacıyevin istefasından sonra mən bu məsələ ilə bağlı DİN-ə müraciət etdim”, deyə hazırda ABB-nin yeni sədrinin müşaviri olan Mustafayev bildirib.
O, həmçinin deyib ki, bankın Cəlil Daşdəmirov adlı əməkdaşı Hacıyevin bu göstərişini yerinə yetirmədikdən sonra işdən qovulub.
ABB sədrinin keçmiş sürücüsü Aydın Mehdiyev ifadəsində bildirib ki, ona imzalaması üçün 30-a yaxın sənəd verilib və o, sonradan öyrənib ki, onun adına 12 mln. dollara yaxın kredit götürülüb.
Bu zaman dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, Mehdiyevin adına 2009-cu ilin sentyabrından 2013-cü il sentyabrın 1-nə qədər üç plastik kart vasitəsilə 32 mln. dollar, 18 mln. 730 min avro, 10 mln. manat verilib.
Bundan əvvəl Hacıyev bildirib ki, onunla bərabər maliyyə naziri Samir Şərifov da müttəhimlər kürsüsündə oturmalıdır, belə ki, bu idarənin verilən kreditlərdən xəbəri var idi və onlara Müşahidə Şurası vasitəsilə və dövlət səhmlərinin nəzarət paketinin sahibi kimi onlara icazə verirdi.
Amma bu gün Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, 2009-cu ilin oktyabrından 2015-ci ilin martına qədər Müşahidə Şurasının qərarlarına zidd olaraq, Beynəlxalq Bank hüquqi və fiziki şəxslərə zəmanətsiz 1,3 mlrd. manat, 1,4 mlrd. dollar və 300 mln. avro verib.
Bundan başqa, Hacıyevin göstərişi ilə qüvvədə olan qanunvericiliyə zidd olaraq ölkədən 3,7 milyard dollar, 1,1 milyard avro çıxarılıb. Bu vəsait müsbət kredit reytinqi müsbət olmayan offşor şirkətlərdən borc sənədləri (veksel) alınmasına yönəlib. Sonradan bu vəsait müxtəlif sxemlər əksəriyyəti Cahangir Hacıyevə məxsus olan layihələrə yönəldilib.
Maliyyə Nazirliyinin nümayəndəsinin dedikləri doğrudursa, belə çıxır ki, Azərbaycanın maliyyə-bank sistemində uzun illərdir tam nəzarət olmayıb. Yəqin ki, neft qiymətləri düşdükdə ölkə rəhbərliyi zamanında xəbər tutmasaydı, belə də davam edəcəkdi və ölkə maliyyə kollapsı həddinə çatardı.