Demokratik düşərgənin “demokrat” mübarizinə açıq məktub – Cavid Nəbiyev

Cavid Nəbiyev
Nəyə görə açıq məktub? Çünki daima Azərbaycandakı siyasi hakimiyyətin fikir və ifadə azadlığına dözümsüz olduğunu iddia edən Erkin Qədirli mənim ona yönəlmiş fikirlərimə dözümsüzlük sərgiləyərək öz sosial şəbəkəsindəki səhifəsində mənim münasibət bildirmək hüququmu məhdudlaşdırıb.
Səbəb isə “Özünü xarici təşkilatlara demokratam adıyla sırıyan, demokratiya – insan hüquqlarından dəm vuran, eyni zamanda homofobik-nifrət çağırışları edənlərin siyahısını tutub elə həmin təşkilatlara göndərmək lazımdır” şərhimdir.
Bəli, hər kəsin özünü ifadə etmək hüququ var, o cümlədən Erkin bəyin. Amma bir şeyi unutmamaq lazımdır ki, istifadə etdiyimiz fikirlər digər bir sosial qrupun onsuz da ağır olan durumunu daha da ağırlaşdırır, nifrət çağırışlarını artırır və nəticədə nifrət cinayətlərinə belə gətirib çıxardır. Bunun məsuliyyəti çox böyükdür.
Erkin bəy qeyd edir ki, homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıdır. Eyni zamanda əlavə edir ki, homosokesualların bütün maraq və haqlarının təmin olunmasına əngəl törədilməsinin əleyhinədir. Necə də paradoksal bir təfəkkür.
Özünə mütəfəkkir, hüquq müdafiəçisi deyən bir şəxsin sosial hüquqlar arasında sinifləndirmə aparması həqiqətən insan hüquqları kontekstində necə də dayaz düşüncəyə sahib olmanı simvolizə edir.
Erkin bəy, bəli, homoseksualların sosial-siyasi həyatın hansı sferasında təmsil olunmasını, hansı imtiyazlardan yararlanmasını müəyyənləşdirmək düşüncəsinə sahib olmaq sizin fərdi hüququnuzdur. Amma fundamental insan hüquq və azadlıqlarına zidd olan bu cür münasibətin, ayrı-seçkiliyinin doğru bir addımmış kimi nüfuzunuzdan istifadə edərək ictimailəşdirilməsi tamami ilə yalnışdır.
Sizin anlayacağınız, bayağı dildə desək, homoseksuallar hardansa qızıl zəmbildə peyda olmurlar, biz də heteroçoxalmanın bir nəticəsiyik. Digər homoseksuallar da sizin heteroseksual sosial qrupundan dünyaya gələn, onların arasında böyüyən, müəllimi heteroseksual olan, TV-lərdə 7/24 saat heteroseksual münasibətlərin əks olunduğu verlişlərə/filmlərə baxan, bütün bu heteronormativ ifratın içində homoseksual olan biriyik.
Necə olur ki, ifrat heteronormativin içində biz hetero olmadıq, amma hansısa təhsil müəssisəsində gay, lezbiyan, biseksual, transseksual bir fərdin işləməsi zamanı övladlarınızın da “bizim” kimi olması fikrini müdafiə edirsiz?! “Homoseksual cütlüklərin övladlığa götürməklə bağlı iddiaları çox eqoistikdir. Uşaq – oyuncaq, ya da ev heyvanı deyil” fikirləri sübut edir ki, eqoistin ən yekəsi elə siz özünüzsüz. Homoseksuallar nəyin mübarizəsini aparır?
Bəli, əgər nəsil artımını “üstünlük” hesab edirsizsə, bu mövzuda siz üstünsüz. O cümlədən sizin ali sosial qrup olduğunu iddia etdiyiniz heteroseksual cütlüklərin dünyaya gətirdikləri övladdan imtina etmək adlı bir “lüks”ları da var. Uşaq oyuncaq deyil deyirsiz, uşaqla oyuncaq kimi rəftar edib bir əski parçası kimi davranaraq kənara atan həmcins(sosial qrup)lərinizə bir şey demirsiz.
Amma yoldaşlarınızın vaz keçdiyi bu körpələrə “sahib” çıxmağa, ev mühiti, təhsil, hərtərəfli sosial təminatı vəd etmək istəyən bizlərə (bizlərdən kimlərəsə) seksist münasibət sərgiləyirsiz? Bəli, bir məqamda haqlısız ki, həmin valideynlər və övlad sizin də parçası olduğunuz cəmiyyətin qurbanı ola biləcək və bu, heç vaxt dəyişməyəcək. Çünki, bu cəmiyyətin sizin kimi seksist, homofob, heteronormativ təbliğat maşını var.
Evliliyə gəldikdə isə siz bu prossesin hüquqi aspekt baxımından daha məlumatlı biri olmalısınız. Evlilik kağız üzərində son bir neçə yüz illikdə formallığa salınmış bir prossesdir. Durub indi evliliyin sadəcə hetero münasibətlərə xas olmasını iddia etməyiniz həqiqətən hüquqi anlayışa ziddir. Evlilik, birlikdə yaşayan cinsi orientasiya və gender identifikasiyasından asılı olmayaraq hər bir şəxsə aid olmalıdır.
Bu “müqəddəs” birlikdəliyi qanuniləşdirməyin sadəcə heterocütlüklərin hüququ olmasını demək sosial-hüquqi ədalətsizlikdir. Siz də bu ədalətsizliyin bir təbliğatçısısınız. Qeyd edirsiz ki, polis, ordu və başqa güc qurumları sərt intizam üzərində qurulur. Bu intizamın “kişilik qavramı”ndan doğduğu hər kəsə məlumdur və belə olan halda güc strukturlarında homoseksualların təmsil olunması “kişilik” qavramına ziddir. “Kişilik” qavramından danışan siz, “siz özünüz doğulacağınız bədəni, sahib olacağınız cinsiyyəti öncədənmi seçmisiz?” sualına təbii ki, cavab verə bilməyəcəksiz.
Təklif edirəm ki, “gay parad” anlayışını bir zəhmət çəkib araşdırın, onun missiyasının nədən ibarət olduğunu öyrənin. Gay paradlar – LGBTTQİ fərdlərinin keçirdiyi bu yürüş gender bərabərliyinin, sosial-hüquqi müstəvidə bərabərliyin əldə olunması üçün aparılan mübarizənin sadəcə bir alətidir, sərbəst toplaşmaq hüququndan yararlanmanın təcəssümüdür. Hansı ki, siz də Azərbaycanda bu hüquqdan yararlanmağı, bu hüquqdan yararlanarkən polisin sizə dubinka çaxmamasını, əksinə, sizi müdafiə etməsini istəyən, bunun üçün mübarizə aparanlardan birisiz.
Durub indi məhlə psixologiyası ilə bu hüquqdan istifadəni ucuzlaşdırmağınız anlaşılan deyil. Bəli, indiki məqamda bu, çox təhlükəli bir ideyadır. Təhlükəli olmasının səbəbkarlarından biri də elə sizin kimi düşüncədə olan çoxluqdur. Sizin simanızda cəmiyyətdə müəyyən sosial-siyasi nüfuza sahib olan insanlar bu qeyri-bərabərliyə qarşı çıxmaq, insanlar arasında hüquqi bərabərliyi təbliğ etmək əvəzinə, mövcud olan stereotiplərə haqq qazandırır və bu hüquqi ədalətsizliyinin daha da uzunmüddətli olmasının təminatçısına çevrilirsiz.
3 il əvvələ qədər və sonrakı Ukrayna modelini bir düşünün. Kimsə təsəvvür edə bilməzdi ki, 2016-cı ildə Kievdə gay parad olacaq və həmin paradı 5000-dən çox polis nəfəri mühafizə edəcək. Bilirsiz niyə? Çünki demokratikləşmə istiqamətində kiçik də olsa addımlar atan Ukraynada sizin kimi siyasətçilərlə yanaşı, sizin kimi olmayan siyasətçilər də var. Nə yaxşı ki, var!
Bütün bu seksist, heteronormativlərə xidmət edən fikirlərinizə gətirdiyiniz əsaslar özünə hüquq müdafiəçisi deyən birinə yaraşmır. Əgər siz bu stereotiplərlə oturub-durursuzsa, siz siyasətçi, hüquq müdafiəçisi deyil, sadəcə tamadasız. Çünki, xalq buna pis baxar, yaxşı baxar anlayışı ilə yaşayan, insan hüquqları arasında sinifləndirmə aparan, hər kəs üçün bərabər imkanlar prinsipini təbliğ etməyən biri başqa bir şey ola bilməz.
Bu məktubu sizə Almaniyadan oturub yazıram. Ona görə ki, 2 il öncə sizin kimi insanların ucbatından meydanda tək qaldım. Daima yanında olduqum demokratiya carçıları “dəstəkləsəm mənə də gay deyərlər” düşüncəsi ilə susdular(susdunuz). Almaniyadan oturub Azərbaycanla bağlı yazmaq da asan deyil. Fikirlərimin dəstəyi 15 il öncə Almaniyada 12 nəfərlə başlayan gay paraddır.
15 il öncə də Almaniyada cəmiyyət sizin dəm vurduğunuz çoxluq dəyərlərini paylaşırdı. Amma, ağıllı, ədalətli siyasətçilər o dəyərlərin qulu olmaq əvəzinə bu günkü azadlığından həzz aldığım cəmiyyəti formalaşdırdılar və hələ də davam edirlər. Bəli, Azərbaycanda LGBTTQİ haqlarından əlavə, ümumilikdə fundamental insan hüquq və azadlıqları problemi var.
Bu hüquq və azadlıqlar uğrunda, hər kəsə bərabər imkanlar, hüquqlar təminat verən Azərbaycan uğrunda hər birimiz mübarizə aparmalıyıq. Çünki sizin ideyalarınızı dəstəkləyəcək, səs verəcək şəxslər arasında homoseksual müəllimi, polisi, hərbçisi, həkimi, elm işçisi, fəhləsi də var.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.