Dini bayraqlar qapalı yerlərdən kənarda qadağan edilir?

Azərbaycanın inzibati və cinayət qanunvericiliyinə din azadlığı ilə əlaqəli əlavələr ediləcəyi bildirilir.
APA İnformasiya Agentliyi Milli Məclisə istinadən xəbər verir ki, ölkə başçısı İnzibati Xətalar Məcəlləsinə (İXM) 516.0.3-cü və 168-1.1-ci, Cinayət Məcəlləsinə isə 278.2-ci maddənin əlavə edilməsi təşəbbüsü ilə çıxış edib.
Cinayət Məcəlləsinə təklif edilən əlavə dini fanatizm, düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması ilə bağlıdır. Təklifə əsasən, belə əməllərə yol verənləri 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası gözləyəcək. Təkliflərin parlamentin növbəti iclasında müzakirəyə ediləcəyi bildirilir.
Ötən ay ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair açıqladığı illik hesabatında belə deyilir: “Azərbaycanda konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verilib. Lakin hökumət xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin azadlığını məhdudlaşdırır”.
Sənəddə vurğulanırdı ki, rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırır, dini qrupların qeydiyyatına problem yaradırlar. Hesabatda dini fəalların həbs olunması, dini təriqət və cərəyanların basqılara məruz qalması da vurğulanırdı. Əlaqəli dövlət qurumları isə din azadlığı ilə bağlı ölkədə ciddi problemlərin olmadığını deyirlər. Onların deməsinə görə, ölkədə yalnız dini radikalizmə qarşı sərt mübarizə aparılır.
Əvvəlki məqaləPutin: “Gazprom”u satmaq planımız yoxdur
Növbəti məqalədəNeftin qiyməti bahalaşmağa başlayıb