Eldar Sabiroğlu: “Bu iqtidar mənə ən böyük pisliyi etdi”

Sabiq müstəntiq Rüfət Səfərovun atası, sabiq yapçı Eldar Sabiroğlu oğlunun həbsi ilə bağlı yazı yazıb. O, bununla əlaqədar sosial şəbəkədə fikirlərini paylaşıb. 
Eldar Sabiroğlu qeyd edir ki, bilavasitə hakimiyyətin göstərişi ilə məhkəmə ədalətsiz və qurama hökmü ilə oğlunu 9 il müddətində ailəsindən qoparıb həbsxanaya yola saldı, Rüfətin barəsində çox amansız qərar qəbul etdilər.
“Rüfət bir müstəntiq olaraq hüquq sistemindəki ədatətsizliyə, rüşvətxor mühitə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verməklə özünü çirkabın içərisindən xilas etmişdir. Ona verilən cəza bununla bağlıdır. O bilməliydi ki, belə şeylər hakimiyyət tərəfindən qəbul edilmir. Azad söz, özgür fikir ən qorxulu silah kimi qarşılanır. İstintaqın əvvəldən saxta və qurama olduğu mənə tam məlum idi və hiss edirdim ki, ondan asanlıqla əl çəkməyəcəklər”, – deyə vurğulayıb Eldar Sabiroğlu.
Keçmiş yapçı deyir ki, Hakimiyyətin fəlsəfəsi onun içindən çıxıb fərqli fikir yurütməyi qəti qəbul etmir və o buna dair təcrübədə olan bir sıra nümunələr göstərə bilər:
“Hakimiyyətin qəbul etmədiyi hər hansı addım atanların aqibəti və taleyi nə ilə qurtarıb biz görmüşük. Milyonlarla rüşvət alanlar, xalqın malını çapıb talayanlar qalır bir kənarda, lakin tutmadığı işə görə, müttəhimlər kürsüsünə günahsız adamları əyləşdirib ən ağır cəzaya məhkum edirlər. Bu bir qaydadır, onu pozmaq olmaz”.
E.Sabiroğlu oğlunun məhz bu qaydanı pozduğuna görə cəzalandırıldığını və öyrədilmiş şahidləri onun üzünə qoyaraq istədikləri nəticəni əldə etdiklərini bildirib:
“Lakin Ramiz Mehdiyevlərə gözün üstə qaşın var deyən olmur. Açıq görüntülərlə onun deputat seçdirmək üçün bir milyon dollar istəməsi bütün ictimaiyyətə bəllidir. Nədən bunun üzərindən sükütla keçildi?! Nədən istintaq qurulub həqiqəti tam aşkar etməyə səylər göstərilmədi?! İnanmıram ki, Heydər Əliyevin dövründə belə bir hadisə baş vermiş olaydı və Ramiz Mehdiyevlə bağlı məlum görüntülərdəki dialoqlara əhəmiyyətsiz yanaşılaydı”.
Keçmiş yapçı deyir ki, dövlət o zaman möhkəm olur ki, orada hüququn bərabərliyi var, kimsə yüksək vəzifəsinə görə hüququn ədalətli təqibindən sığortalanmır. Sabiroğlu Ramiz Mehdiyevə həsr etdiyi yazıların acısını və qisasını bu gün oğlunun çəkdiyini vurğulayır. Eldar O, günahı həm də Rüfətdə görür. Deyir ki, oğlu Əli İnsanovu müdafiə edəcək bəyanatla çıxış etməsinin qarşılığında nəyin ola biləcəyini nəzərə almalı idi.
“İqtidarın ideoloqları üçün göydəndüşmə olan bu fakt Prezindent İlham Əliyevin masası üzərinə qoyularaq onun taleyini birdəfəlik həll edə bilərlər. Şübhə etmirəm ki, məhkəmin tələm-tələsik başa çatmasına təkan verən amil məhz bununla bağlıdır. Hakim Asim Haciyevə verilən göstəriş elə ciddi və qəti idi ki, o prosesdə hakim kimi yox, bir dərəbəy kimi aparırdı”, – deyə Sabiroğlu bildirib. 
Sonda Eldar Sabiroğlu qeyd edib ki, məhkəmənin birinci iclasında dindirilən iki şahid ibtidai istintaqı ifşa edərək verdikləri izahatların onlara məxsus olmadığını bəyan etmişdilər, amma günortadan sonrakı iclasda geri qaytarılan həmin şahidlərə təziq nəticəsində onlar ifadələrini dəyişərək ibtidai istintaqa verdikləri izahatları təstiq etdilər: “Bu tam biabırçılıq idi və ölkədəki məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu aşkar biruzə verirdi”. 
Qeyd edək ki, avqustun 8-də sabiq müstəntiq Rüfət Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrub edilib. Rüfət Səfərov elə məhkəmə zalında həbs olunub.