“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün ayrılan vaxt yekunlaşır

Sentyabrın 26-na təyin edilmiş referendumda “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır.
“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən  Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Referendumla əlaqədar bu müddət sentyabrın 16-na qədərdir.
Qeyd edək ki, “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti sentyabrın 6-dək olan dövrü əhatə edib. Həmin müddətdə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə), “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi “exit-poll” keçirmək üçün müraciət ediblər. MSK artıq bu təşkilatları səsvermə günü “exit-poll” keçirəcək qurumlar kimi qeydiyyata alıb.