Faiq Əmirlinin xanımı maşınını geri ala bilmir

Əməliyyatçılar bunun formallıq olduğunu desələr də, bugünə qədər maşını qaytarmayıblar.
“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin xanımı Lalə Əmirliyə məxsus olduğu deyilən avtomobil, hələ də, qaytarılmayıb. Lalə Əmirli Meydan TV-yə məlumatı təsdiqləyib. O, iki həftədən artıq müddətdir ki, maşını geri ala bilmədiyini söyləyib.
Qeyd edək ki, Faiq Əmirli avqustun 20-də həbs edilib. Həmin gün onun evində və ailəyə məxsus avtomobildə axtarış aparılıb. Əməliyyatçılar maşında axtarış aparmaqla kifayətlənməyərək, avtomobili özləri ilə aparıblar.
Həmin vaxt onlara avtomobilin Faiq Əmirliyə deyil, xanımına məxsus olduğu bildirilsə də, heç nə dəyişməyib. Əməliyyatçılar bunun formallıq olduğunu, tezliklə avtomobilin geri qaytarılacağını desələr də, bugünə qədər maşını qaytarmayıblar.
Faiq Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edir.
AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.