İctimai-siyasi fəaliyyətə, fikirlərə görə təqib olunduqda nə etmək lazımdır?

Arxiv
Araşdırmaçı jurnalist, keçmiş siyasi məhbus Xədicə İsmayıl ictimai-siyasi motivli təqib və təzyiqlərlə üzrləşdikdə insanların hansı addımları atmalı olduğu ilə sosial şəbəkədə maarifləndirici mətn paylaşıb. 
Jurnalist deyib ki, mitinqdə iştirak etdiyinizə, facebookda tənqidi postunuza, və ya törətmədiyiniz hər hansı pozuntu bəhanəsi ilə polis sizi narahat edirsə, ata biləcəyiniz addımlar bunlardır.
1. Rəsmi çağırış vərəqəsi istəyin.
2. Telefonla zəng edib, çağırırlarsa, yenə də çağırış vərəqəsi istəyin, imkan daxilində səsini yazın.
3. İmkan daxilində vəkillə gedin. Vəkillər kollegiyasının üzvü olmayan hüquqşünasla da gedə bilərsiniz polisə izahat verməyə.
4. Polisə getdiyinizi görən şahidləriniz olsun.
5. 102 xidmətinə zəng edib, polis tərəfindən əsassız narahat edildiyiniz barədə məlumat verin, danışığı yazın.
6. Sosial şəbəkədə polisə nə zaman getdiyinizi, kim tərəfindən nə vaxt çağırıldığınızı, hansı polis bölməsinə getdiyinizi və rəsmi ad-soyadınızı yazın (sosial şəbəkədə təxəllüslə profil işlədənlərə aiddir).
7. Polisdə baş verənləri detallı şəkildə yazın və tanışlara danışın.
8. Zorakılıq olubsa, xəsarətlər varsa, onların görüntülərini şahidlərin iştirakı ilə çəkin.
9. Yaxınlıqdakı poliklinikaya gedib, xəsarətlərlə bağlı müayinə olunun və müalicə resepti alın (nəzərə alın ki, xəsarətin səbəbini desəniz, müayinədən imtina edə bilərlər).
10. Polisdə olarkən hansı sənədə imza atmanızı istəyirlərsə, həmin sənədi tam oxuyun. İzahatınız yazılan sənəddirsə, izahat əks olunmayıbsa, imza atmaqdan imtina edin.
11. Həbs, cərimə və ya başqa məqsədlə məhkəməyə aparılırsınızsa, məhkəmə barənizdə hər hansı qərar qəbul edərsə, qərarı almadan qəbzə imza atmayın
12. Məhkəməyə müraciət edin. Avropa Məhkəməsi bu iş barədə bir neçə il keçdikdən sonra olsa belə qərar çıxaracaq və hökuməti sizə kompensasiya ödəməyə məcbur edəcək. Bu cür məsələlərlə bağlı kompensasiyaların məbləği 3000-15000 Avro arasında dəyişir.
Sonda Xədicə İsmayıl qeyd edib ki, hökumət insanların haqqını pozmağın baha başa gəldiyini anlamalıdır.