“İlin sonuna manatın məzənnəsi 1 dollar 1,80 manat olacaq”

Hökumət ölkədən çıxarılan valyutanın həcminin məhdudlaşdırılması üzrə müəyyən addımlar atır, bunlardan biri dövlət təşkilatlarının məhsul idxalına məhdudiyyətdir, deyə iqtisadçı Samir Əliyev bildirib.
O, Turan-a müsahibəsində deyib ki, bu addım daxili bazarda valyutaya tələbatı azaltmaq üçündür.
“Bu yaxınlarda xarici valyuta qıtlığı göstərdi ki, tələb təklifdən çoxdur. ARDNF və Mərkəzi Bankın valyuta bazarına intervensiyası və bankların 60-70 mln dollar alması tələbin təklifdən çox olduğunu göstərir. İndiyədək bu göstərici 50 mln dollar olurdu”.
Qeyd edək ki, ARDNF valyuta bazarında bir qayda olaraq 50 mln dollar təklif edir. Amma sentyabrda valyuta azlıq etdiyi üçün ARDNF bu məbləğdən xeyli çox valyuta çıxarır. Belə ki, 8 sentyabrda ARDNF və Mərkəzi Bank 300 mln, 20 və 22 sentyabrda 150 mln dollar təklif edib.
İqtisadçı xatırladıb ki, Azərbaycanda valyutaya aylıq tələb 1-1,2 mlrd dollardır.
“Hökumət manatın məzənnəsini qorumağa çalışacaq, amma ilin sonu yaxınlaşanda manata təzyiq artacaq. Bu, bankların xarici öhdəliklərinin ödənilməsi və dövlət büdcəsinin icrası ilə əlaqədardır. Axı 21 dekabr 2015-ci ildəki devalvasiya əsasən dövlət büdcəsinin icrası ilə bağlı idi”, – deyə o bildirib.
Onun fikrincə, hökumət yumşaq devalvasiya siyasəti yürütmək istəyir və əgər fors-major vəziyyəti olmasa, 1-2 ay ərzində kəskin devalvasiya gözlənilmir.
“Əgər ilin sonunda kəskin devalvasiya barədə qərar verilsə, bu, artıq əvvəlki kimi 35%-48%-lik olmayacaq. Əgər devalvasiya olsa, 10%-20% təşkil edəcək. Mənim proqnozuma görə, ilin sonu üçün manatın məzənnəsi 1USD/1,80AZN olacaq”, – deyə S.Əliyev bildirib.
Sentyabrın 9-da dolların məzənnəsi 1,6403 manata qaldırılandan sonra hökumət intervensiya yolu ilə manatın məzənnəsini bir qədər möhkəmləndirdi. Sentyabrın 23-də  manatın məzənnəsi 1USD/1,6292AZN olub.
Qeyd edək ki, ikinci devalvasiyadan sonra ən yüksək məzənnə 11 mart 2016-cı ildə – 1USD/1,6456AZN, ən aşağı məzənnə 26 mayda – 1USD/ 1,4900AZN olub.