İran həbsxanasında fəal aclıq aksiyasına başlayıb

Azərbaycanlı milli-mədəni fəal Fərşid Piçqanlunun 6 aylıq məhkumluq müddəti sentyabrın 2-də başa çatıb, lakin fəalın azadlığa buraxılmasına icazə verilmir.
Abzas.net-in İrandakı mənbələrdən əldə etdiyi məlumata görə, azərbaycanlı fəal həbsxanadan azad edilməsinə mane olan Ərdəbil zindanın rəhbərliyinə etiraz olaraq sentyabrın 2-dən aclıq aksiyasına başlayıb. O, təyin edilmiş cəza müddətinin başa çatdığını əsas gətirərək azadlığa buraxılmasını tələb edir və qanuni hüququ təmin olunanadək aclıq aksiyasını davam etdirəcəyini bildirir.
F.Piçqanlu 2015-ci il noyabr ayında İran televiziyasından yayımlanan məlum “Fitilə” verilişinə qarşı etiraz etdiyinə görə 3 ay və Ərdəbildə bu şəhərin “Şəhrdari” komandası ilə Hormozqanın “Alüminium” takımı arasında keçirilən yarışda, üzərində “Abbas Lisani və siyasi məhbuslar azad olunmalıdır” şüarı yazılmış plakatın qaldırıldığına görə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 3 ay həbs cəzasına məhkum edilib.
Hazırda azərbaycanlı fəal 6 aylıq məhkumluq müddətini başa vurub, lakin naməlum səbəbdən hələ də Ərdəbil zindanında saxlanılır.