İslam Kərimovdan kim və necə hesabat alıb – Hikmət Hacızadə

Hikmət Hacızadə 
İslam Kərimovun ölümü ilə bağlı o qədər də çox təəssüratlar ortaya çıxmayıb. Onlardan biri İsa Qəmbərin (həmin vaxt Azərbaycan parlamentinin spikeri idi) 1992-ci ildə Moskvada MDB sammitində Özbəkistanın mərhum prezidenti ilə görüşü haqqında xatirəsidir.
Qəmbər Kərimovun MDB-yə üzvü olmadığı üçün Azərbaycan nümayəndə heyətindən israrla iclası tərk etməyi tələb etdiyini yada salır. Bu nəşrdən sonra haqqin.az saytında Kərimovun guya “İsa Qəmbərin hesab sorduğu, onun üzr istədiyi barədə” məlumat dərc edilib.
Həmin görüşün şahidi kimi (həmin vaxt Azərbaycanın Rusiyadakı səfiri) mən bu məlumatın həqiqətə uyğun olmadığına şahidlik edirəm və İslam Kərimovun narazılığının əsl səbəbini açıqlamaq istərdim. Həmin vaxt Azərbaycan MDB üzvü olmaq istəməmişdi, amma RF prezidenti Boris Yeltsin yüksək səviyyədə nümayəndə heyətimizin heç olmasa müşahidəçi kimi o sammitdə iştirak etməsini xahiş etmişdi. Və həmin vaxt Bakıdan sammitə İsa Qəmbər getmişdi, mən də o iclasda iştirak edirdim. Bizə ayrılmış yerə keçən kimi İslam Kərimov qızğın bir şəkildə MDB üzvü olmadığımıza görə Azərbaycan nümayəndə heyətinin iclas zalını tərk etməsini tələb etməyə başladı. Lakin Yeltsin və digər görüş iştirakçıları nümayəndə heyətimizin qalmasında və iştirakı davam etdirməsində israr etdilər.
Buna da baxın: İslam Kərimovla İsa Qəmbərin Azərbaycan mübahisəsi – xatirə 
Kərimovun qəzəblənməsinin əsl səbəbi isə belə idi: MDB-nin bu sammitindən bir qədər əvvəl Kərimov ölkədə demokratik fəallara qarşı kütləvi repressiyalara başlamışdı – onları həbs edir, döyür, işdən qovur, qohumlarını təqib edirdi və bu fəallardan kimlərsə ölkədən qaçmağa müvəffəq olmuşdu. Demokratik müxalifətin belə üzvlərindən bir neçəsi Azərbaycana gəlmişdi. Elçibəyin göstərişi ilə onları mehmanxanaya yerləşdirmişdilər və hər cür dəstək göstərirdilər.
Bu barədə öyrənən Kərimov bu demokratları həbs etmək və sərhəddən zorla Özbəkistana geri gətirmək üçün birbaşa Bakıya milis dəstəsi göndərməkdən yaxşı bir şey fikirləşə bilmədi. Bu qəhrəmanlar Bakıya gəlir, “Abşeron” mehmanxanasına yerləşir və özbək qaçqınları axtarmağa başlayır. Baş verənlər barədə Elçibəyə məruzə edirlər. Kərimovun bu hərəkətləri Elçibəyi qəzəbləndirir. Necə yəni? Kim Azərbaycanın suverenliyini pozmağa, buraya milis qrupu göndərməyə və torpaqlarımızda gizli əməliyyatlar həyata keçirməyə cürət edir? Özbəkistan milislər saxlanılır və Özbəkistana geri göndərilir…
Bu qalmaqaldan çoxları xəbər tutur. Elə həmin vaxt Aydın Mehdiyev adlı jurnalist Elçibəydən müsahibə alır. Müsaribəyə başlamazdan əvvəl Mehdiyev Elçibəydən bu hadisə və onun Kərimova münasibəti haqqında soruşur. Elçibəy hadisəni anladır, Kərimovu tənqid edir, qanlı diktator və kommunist kuklası adlandırır. Elçibəy bütün bunları nəşr edilməsi üçün demir. Amma Mehdiyev Elçibəydən icazə almadan onun səsini diktofona yazır və ertəsi gün öz qəzetində dərc edir.
Elçibəyin bu ifadələri Kərimova çatdırılır və həddindən artıq inciyən Kərimov Azərbaycandan qisas almağı qərara alır. MDB sammitində Azərbaycan nümayəndə heyətinin iclas zalından çıxarılmasını tələb edərkən də o, elə qisas almağa çalışır. Amma bu, alınmır – Yeltsin və digər iclas iştirakçıları nümayəndə heyətimizin qalmasının tərəfdarı olur və iclas Azərbaycanın iştirakı ilə davam edir.
Əlbəttə, haqqin.az-ın dərc etdiyi məlumat həqiqətə uyğun deyil. İsa Qəmbər Kərimovdan heç bir üzr istəməyib, heç Kərimov da bunu istəməyib, üzr istəyəcək bir şey də yox idi. Haqqin.az-ın həmin vaxt mənim rəhbərlik etdiyim Azərbaycanın Moskvadakı səfirliyində özbək dissidentlərin gizləndiyi haqqında məlumatına gəlincə, bu fakt həqiqətən olub. Həmin günlərdə səfirliyimizin qapısı ağzına Özbəkistanın məşhur “Birlik” Partiyasının lideri, professor, fizika-riyaziyyat elmləri doktoru Abdurahim Pulatovu xərəklə ağır döyülmüş vəziyyətdə gətirdilər. Onu qardaşı, həyat yoldaşı və uşaqları müşayiət edirdi. Daşkənddə Kərimovun tərəfdarları Pulatova hücum etmişdilər və onu yarıölümcül vəziyyətə salana qədər döymüşdülər – onun kəllə sümüyü yarılmışdı və çoxsaylı bədən xəsarətləri yetirilmişdi. Bir möcüzə ilə Pulatovun tərəfdarları onu və ailəsini Özbəkistandan çıxarıb Moskvaya gətirməyə müvəffəq olmuşdular və orada onlar tibbi yardım və təhlükəsiz sığınacaq axtarmalı oldular. Nəhayət, Pulatovun ailəsi Azərbaycan səfirliyinə müraciət etməyi qərara aldı və mən onları yerləşdirmək qərarına gəldim. Pulatov səhhəti hərəkət etməyə imkan verənə qədər bizdə qaldı. Bu dəhşətli səyahətin sonunda Pulatov Qərbə köçdü. Hazırda o, ABŞ-da yaşayır.
Sonradan biz öz vətənində repressiyalardan gizlənən Qazaxıstan dissidentinə də sığınacaq verməli olduq…
Bu gün Kərimovun ölümü ilə əlaqədar mətbuatda onun özü və idarə üslubu haqqında o qədər də çox təəssürat ortaya çıxmayıb. Bu dram da onun həyat kitabına yazılsın. Şəxsən mən hesab edirəm ki, özbək və qazax dissidentlərə dəstəyimiz cəmiyyətimizin demokratiya uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazılacaq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.