Konstitusiyanın oyuncağa döndərilməsi – Rafiq Manaflı

Rafiq Manaflı
Konstitusiya nədir? Əlbəttə ki, ölkənin əsas qanunu. Amma onu ölkənin əsas qanunu edən mahiyyət nədən ibarətdir? İstənilən hakimiyyətlə onu hakimiyyət edən xalqın münasibətləri yazılmış və yazılmamış qanunlarla tənzimlənir.
Yazılmamış qanunlar özündə geniş stereotiplər toplumunu əks etdirir ki, bura cəmiyyətdəki qeyri-bərabərliklər, oyun qaydalarına riayət edilməsi, mənəvi, ümumbəşəri dəyərlər və sair daxildir. Amma bu gün söhbətin mövzusu hakimiyyət-xalq münasibətlərini tənzimləyən yazılmış qanunlardır ki, bu da Konstitusiyadır.
Mahiyyət etibarı ilə Konstitusiya xalqla xalqın görəvləndirdiyi hakimiyyətlər arasında bağlanmış ictimai müqavilədir. Bu müqavilədə bir tərəfdən xalqın hüquqları, digər tərəfdən isə hakimiyyətin hüquqları yox, səlahiyyət çərçivələri təsbit olunur. Dünyanın bütün ölkələrində Konstitusiya qanununa dəyişikliklər fövqəladə hal hesab olunur və uzun hazırlıq prosesindən sonra həyata keçirilir.
Qardaş Türkiyədə Konstitusiya dəyişiklikləri neçə illər müzakirə edildi… Diktatura adlandırdığımız SSRİ-də 1936-cı il Konstitusiyası bir də 1977-ci ildə dəyişdirilmişdi. Bu dəyişikliklər üzərində işlər 1962-ci ildə başlamış, 15 illik müzakirələrdən sonra qəbul edilmişdi.
Azərbaycanda isə XXI əsrin ilk 16 ilində bu artıq üçüncü referendumdur. Konstitusiya qanununu futbol topuna döndərib belədən-belə, elədən-elə təpikləyirlər. Özü də heç bir görünən səbəb olmadan – nə bir hakimiyyət dəyişikliyi baş verməyib, nə də heç bir sistem dəyişikliyi nəzərdə tutulmayıb.
Hər üç referendum xalqın hüquqlarının bir az da məhdudlaşdırılmasına, hakimiyyətin səlahiyyət çərçivələrinin daha da genişləndirilməsinə yönəlib. Sentyabrın 26-da keçiriləcək sonuncu referendum isə ölkədə monarxiya üsul-idarəsinə keçidin ilk elementlərini özündə əks etdirir.
Ölkədə ilin ən qızmar çağlarında, ictimai-siyasi fəallığın ən aşağı olduğu aylarda tələm-tələsik referendum keçirilir. Həyati əhəmiyyətli 29 dəyişiklik və əlavələrin müzakirəsinə mümkün ən qısa zaman, 2 ay vaxt ayrılır. Bu da bəs eləmir. Müxtəlif absurd ittihamlarla insanların diqqəti referendumdan yayındırılır.
İndi bu formada xalqa sözün əsl mənasında atmaqda və onsuz da qəti əməl etmədiyiniz Konstitusiyanı bu qədər hörmətsiz etməkdə məqsədiniz nədir? Cəmi 2 il sonra, əgər yenə xalqın səsini və iradəsini oğurlamağa nail ola bilsəniz, inaqurasiya mərasimi keçirmək məcburiyyətində olacaqsınız. Əlinizi bu qədər urvatsız etdiyiniz o Konstitusiyaya basanda sizi gülmək tutmayacaqmı?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.