Latviyanın maliyyə naziri Bakıda şahmat oynadı, dünya çempionunu məğlub etdi – FOTO

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının geridə qalan müddətdə əsas sensasiyası qadınların yarışında, 4-cü turda baş tutub.
Latviyalı şahmatçı Dana Reizniece Ozola Çin yığmasının lideri, dünya çempionu Hou Yifanı məğlub edib. Ümumi nəticədə Çin yığması Latviyanı 2,5:1,5 hesabı ilə məğlub etsə də, Reizniece-Ozolanın qələbəsi böyük rezonans doğurub.
Xanım şahmatçı ilə maraqlı bir məqam da var. Belə ki, Bakı Şahmat Olimpiadasında mübarizə aparan Dana Reizniece-Ozola Latviyanın maliyyə naziridir.
“Crystall Hall”ın mətbuat zalında əcnəbi və yerli jurnalistlər üçün mətbuat konfransı təşkil edən latviyalı şahmatçı qələbəsini belə şərh edib: “Dünya çempionu üzərində qələbə mənim üçün bayramdır. Latviyadan xeyli təbrik zəngi gəldi. Təəssüratlarım çox yaxşıdır. Hər halda, şahmat kraliçasını məğlub etmək insana hər gün qismət olmur. Təkcə nəticədən yox, həm də oyundan razıyam. Hər partiya kiçik həyatdır”
Reizniece-Ozola şahmat və dövlət işi ilə eyni vaxtda məşğul olmasından da söz açıb: “Hər şey asandır. Balansı qorumaq mümkündür. İşimdə xeyli enerji sərf edirəm. Birinci lövhədə mübarizə aparmağım lider olduğum göstəricisidir”.
Latviyalı şahmatçı olimpiadadan öncə yaxşı hazırlıq keçdiklərini bildirib: “Reytinqə görə yarış iştirakçıları arasında iyirminci yeri tuturuq. Bakıya gəlməmişdən öncə təlim-məşq toplanışında olduq. Həm nəzəri, həm də praktiki məşğələlər keçdik. Bir ailə kimi yarışa hazırlaşmışıq”.
Dana Reizniece-Ozola şahmatla məşğul olmağın üstünlükləri barədə bunları söyləyib: “Şahmat oynamağı bacarmaq istənilən sahədə insana fayda verir. Əsasən də siyasətdə. Çünki siyasətə bir neçə gedişi əvvəldən görməlisən. 4 övlada sahibəm. Böyük qızımın 13 yaşı var. Amma o, daha çox futbol və basketbolla məşğul olur”.
Sonda isə latviyalı xanım Bakı olimpiadasının yüksək səviyyədə təşkilinə toxunub: “Bu, iştirak etdiyim sayca 8-ci, ümumilikdə ən yaxşı olimpiadadır. Hər şey çox yaxşı təşkil olunub. İnsan özünü çox rahat hiss edir. Bu cür yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdaram”.

Dana_Reizniece-Ozola_2011