Məhkəmə Bayram Məmmədovun apellyasiya şikayətini təmin etməyib

Bu gün Bakı Apelyasiya Məhkəməsində Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində Xətai Rayon Məhkəməsində çıxarılmış həbs müddətinin 2 ay uzadılması qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, hakim Mirpaşa Seyidovun rəhbərliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.
Xatırladaq ki, gənc fəalın işini araşdıran müstəntiq və prokuror Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə həbsin uzadılmasına qərar vermişdi.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.