Mərkəzi Bank xarici valyuta qıtlığı ilə bağlı vəziyyəti şərh etmir

Kommersiya banklarının xarici valyuta satışı ilə bağlı vəziyyət gərgindir.
Turan-ın məlumatına görə, ötən həftənin sonundan bankların bir hissəsi valyuta satışını ya dayandırıb, ya da sərt limit qoyub.
Sentyabrın ilk günündə banklar arasında keçirilən sorğu göstərib ki, vəziyyət normallaşmayıb.
Belə ki, “Respublika”, “Standart”, “Silkway” xarici valyuta satmır.
“Kapitalbank”, “Accessbank”,  “Azərbaycan Beynəlxalq Bankı” bir nəfərə 100 dollar/avro limit qoyub, “Azəritürkbank”da bildiriblər ki, dollar alışına limti kassaya yaxınlaşanda bilmək olar.
“Paşabank”da deyiblər ki, xarici valyutanı yalnız müştərilərinə satırlar.
Maraqlıdır ki, müvafiq maliyyə strukturları banklarda dollar qıtlığına və bununla bağlı yaranan təşvişə rəsmi reaksiya vermirlər.
AMB Turan-ın valyuta qıtlığı və vəziyyəti yaxşılaşdırmaq üçün görülən tədbirlər barədə sorğusuna cavab verməyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasında qeyd ediblər ki, onlar bankların kommersiya siyasətinə qarışmır, 4% marjaya nəzarət edirlər.
Bununla belə, Palatada qeyd ediblər ki, əksər kommersiya banklarının valyuta satışından imtinası ilə bağlı əhali arasında təlaşın mövcud  olduğunu hesab etmirlər.