Macarıstanın Avropa Birliyindən qovulması təklif edilib

Lüksemburq xarici işlər naziri Jean Asselborn Macarıstanın Avropanın əsas dəyərlərinə zidd davrandığı üçün Avropa Birliyindən qovulmasını təklif edib.
Avropa Birliyinin əsas dəyərlərinin Macarıstan tərəfindən ağır şəkildə pozulmasını qəbul edə bilməyəcəklərini ifadə edən Lüksemburq xarici işlər naziri Jean Asselborn, “Macarıstan kimi hansısa ölkə müharibə qaçqınlarına qarşı divar hörərsə ya da hər kim mətbuat və ədalət azadlığını pozarsa AB-dən qovulmalıdır”, – deyə bildirib.
Asselborn Macarıstanda qaçqınlara az qala “heyvan kimi davranıldığını” söyləyib.
Macarıstandan Lüksemburqa cavab
Digər tərəfdən Macarıstan Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto Lüksemburq xarici işlər naziri Asselbornun tələbiylə əlaqədar açıqlama verib.
Macarıstan Xəbər Agentliyinə (MTI) danışan Szijjarto, macarların kimlərlə birlikdə yaşamaq istəyəcəyinə özlərinin qərar verəcəyini bildirib: “Macarlar tarix boyunca Avropanı qoruyub, indi də eynisini edir. Macarlar 2 oktyabrda qeyri-qanuni miqrasiya, Brüsselin zəruri kvotası və Jean Asselborn tipli insanlar haqqındakı fikirlərini hər kəsə açıqlayacaq. Bu haqqı bizdən nə Brüsseldəki bürokratlar, nə də Lüksemburq xarici işlər naziri ala bilməz”.
Lüksemburq xarici işlər nazirinin Avropanın təhlükəsizliyini və mədəniyyətini məhv etməyə çalışdığını iddia edən Szijjarto, “Bu günə qədər də Jean Asselbornun ciddiyetsiz xarakter olduğunu bilirdik. Brüsseldən yalnız bir neçə kilometr uzaqda olduğu bəllidir; əsəbi, qürurlu və azarlayıcı. Macarıstanı AB-dən qovmaq istəyir, amma öz adını ciddi qəbul edilən siyasətçilərin arasından çoxdan sildirib. Bir nihilist kimi Avropanın təhlükəsizliyinin və mədəniyyətinin yox edilməsi mövzusunda heç yorulmadan çalışır”, – deyə bildirib.
Xatırladaq ki, Avropanın qaçqınları qəbul etməsinə qarşı olan Macarıstan onların qitə ölkələrinə daxil olması üçün qanun çərçivəsində müəyyən addımlar atan ilk ölkə olmuş, baş nazir Viktor Orbanın verdiyi qərarlardan sonra, ölkəyə girişi çətinləşdirmək üçün Serbiya və Xorvatiya sərhədinə hasar çəkmişdi.
Müxtəlif humanitar təşkilatlar da hesabatlarında Macarıstanın ölkəyə icazəsiz keçməyə çalışan qaçqınlara mərhəmətsizcə davrandığını açıqlayıb.
Üzvlük yekdilliklə dondurula bilir
AB qaydalarına görə bir ölkənin üzvlüyü digər ölkələrin səs birliyi ilə dondurula bilir.
Qeyd edək ki, Avropa Birliyi 2000-ci ildə Avstriyada həddindən artıq sağçı partiyanın hökumətdə yer alması sonrasında bu ölkənin AB-dəki səs haqqını müvəqqəti olaraq dondurmuşdu.