Mais Məmmədov prezidentə açıq məktub ünvanladı

Əməkdar jurnalist, ANS ŞİRKƏTLƏR QRUPU MMC-də ictimai əlaqələr üzrə baş müşavir, ANS TV Şirkətinin Fəxri Sədri Mais Məmmədov prezident İlham Əliyevə açıq məkub ünvanlayıb. Məktubun tam mətnini təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə
                                            AÇIQ MƏKTUB
Hörmətli cənab Prezident!
Məşhur sovet yazıçısı Maksim Qorki demişdi: “Məndə olan bütün müsbət cəhətlərə görə kitaba borcluyam”.  Mən isə hesab edirəm ki, bütün müsbət cəhətlərimə görə Sizin atanıza, dahi Heydər Əliyevə borcluyam. 70-ci illərdə – Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, mən Mərkəzi Televiziyanın müxbiri kimi onunla tikintilərə, respublikanın rayonlarına, neft mədənlərinə, zavodlara gedirdik. Mənə işləməyi, təhlil etməyi, məntiq və digər müsbət keyfiyyətləri məhz o öyrətdi, onun sayəsində mən, sözün əsl mənasında, jurnalist oldum. Mən və ANS-çi həmkarlarım patriarxa, onun ruhuna, yaxınlarına və doğmalarına xəyanət edərik? Heç vaxt!
Hörmətli cənab Prezident!
Siz bilirsiniz ki, terrorçuların və onların əlaltılarının aşkar edilməsi və həbsi üçün güc strukturlarından nə qədər güc, bilik və bacarıq tələb olunur. Buna aylar və hətta illər sərf olunur. Azərbaycanda teleradio yayımı ilə məşğul olan quruma isə cəmi ikicə saat kifayət etdi ki, terrorçular və onların əlaltılarını aşkar etsin. Bu, əlbəttə, təbii ki, ANS kollektivi imiş. Mən “əlbəttə” və “təbii” sözlərini təsadüfən işlətmədim. Nədənsə bu qurum ANS-lə haqq-hesab çəkmək istəyir.
Bir neçə ay əvvəl yalnız Azərbaycan həkimlərinin peşəkarlığı və sayıqlığı nəticəsində bizim teleaparıcımızın həyatı xilas olundu. Milli Televiziya və Radio Şurasının “Hesabat” analitik proqramının bağlanması barədə qərarını ona xəbər verəndə, o, dəhlizdə huşunu itirib yıxıldı. Düzdür, bir gün sonra proqramı bərpa etdilər. Amma niyə onu bağlamışdılar, bu sirr olaraq qaldı.
Cənab Prezident! Siz yəqin ki, Heydər Əliyevin ABŞ-ın Klivlend şəhərindən Azərbaycan xalqına son müraciətini yaxşı xatırlayırsınız. O, bunu ANS televiziyası və onun aparıcısı Mir Şahin vasitəsilə etmişdi. Heydər Əliyevin seçimi təsadüfi deyildi. O, ANS-ə etibar edirdi.
Hörmətli cənab Prezident!
Mən yaşlı adamam. Hər şeyi – müharibəni, Qarabağı, Xocalını görmüşəm. Mən bizim Çingiz Mustafayevdən fərqli olaraq heç bir qəhrəmanlıq göstərməmişəm. Sadəcə, öz işimi, peşəkar borcumu yerinə yetirmişəm. Mən Moskvada işimi bitirəndən sonra məhz ANS-ə işləməyə gəldim, çünki orda mənim həmfikirlərim çalışırdı. Onlardan ötrü əsas – Azərbaycan, Xalq və Prezident idi.
Yadımdadır ki, patriarx Naxçıvanda işləyəndə Ayaz Mütəllibov, Əbülfəz Elçibəyin ətrafı mənə dəfələrlə xəbərdarlıq edirdilər ki, ora getməyim. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin İrana səfəri barədə Tehrandan verdiyim reportajı “Vremya” proqramında göstərəndə böyük səs-küy qopmuşdu. Qeyd edim ki, məhz Heydər Əliyevin İrana səfəri iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin yaranmasına təkan vermişdi. O reportajdan sonra mənə zəng edib həm söyür, həm də hədə-qorxu gəlirdilər. Bundan az sonra materiallarıma nəzarət etmək üçün mənə xüsusi senzor qoşdular. Şükür Yaradana ki, bunlar keçmişdə qalıb.
Hörmətli İlham müəllim, təsəvvür etməzsiniz, Siz ölkə prezidenti seçiləndə ANS kollektivi necə sevinirdi. Yaxşı xatırlayıram ki, 2004-cü ilin oktyabrında “Bakinskiy raboçiy” qəzetinin rəhbərliyi mənə müraciət edərək, Sizin barənizdə material yazmağımı xahiş etdi.
Qəzet müəllif kimi məni təsadüfən seçməmişdi. Orada hamı bilirdi ki, mən Heydər Əliyevin fanatıyam. Mən “Xalq öz seçimində səhv etməyib” adlı bir sütunluq yazı yazdım. Amma yazını tamamlaya bilmirdim, bu zaman Moskvadan zəng gəldi. Keçmiş həmkarım məndən səhhətim barədə soruşurdu (o vaxt mən ağır xəstə idim), birdən dedi ki, “Bura bax, televizorda sənin prezidentini və onun həyat yoldaşını gördüm. Necə cavan və gözəldirlər”. “Bəli”, –  deyə cavab verdim və “Bizim yeni Azərbaycan kimidirlər” cümləsini yazdım. Mən bunu təsadüfən xatırlamadım. Bir söz yazıb, başqa söz demək üçün ya gərək əclaf olasan, ya da qeyri-normal. Biz Sizə, Mehriban xanıma xəyanət etmərik, hərçənd müəyyən adamlar bəlkə də Sizi buna inandırmağa çalışırdılar. Sizin və ANS kollektivinin qarşısında mənim bir günahım var: mən telekanalın efirində Fətullah Gülənlə hər hansı müsahibənin yayımlanmayacağı barədə efirdə məlumat verməmişəm, bu barədə məlumatlar isə qəzetlərin növbəti şayiəsi və yalanı idi. Xahiş edirəm ki, buna görə mən qocanı bağışlayasınız, məşhur bir deyim var: “Günahını anlayan başı qılınc da kəsməz”.
Hörmətli cənab Prezident!
İki il əvvəl Siz ANS-in ünvanına o qədər isti və yaxşı sözlər sözlədiniz ki… İnanın ki, biz əvvəlki kimiyik. Bizim yadımızdadır, 2006-cı ildə Siz bizi müdafiə etdiniz, ona görə xahiş edirik ki, bizi məmurların təhqirlərindən qurtarasınız. Gələcəkdə başımıza nə iş gəlməsindən asılı olmayaraq, bilin ki, biz həmişə sizinləyik! Çünki biz bütün qəlbimiz və ruhumuzla Sizinləyik, hansısa terrorçu və onun əlaltıları ilə yox! Biz həmişə Dövlətimizin, Ali Baş komandanımızın yanında olmuşuq. Qarşıdan referendum gəlir. Dostların da, düşmənlərin də gözü bizdə olacaq. Azərbaycan üçün xüsusilə əhəmiyyətli, məsuliyyətli olan bu günlərdə də Azərbaycana xidmət etmək xoşbəxtliyini bizdən əsirgəməməyinizi xahiş edirəm. Necə deyərlər, yaşlı vaxtımda da mən hələ çox cavan həmkarıma sübut edə bilərəm ki, barıt boxçamda barıt var. Bunu isə ancaq ANS-lə birlikdə edə bilərəm, cənab Prezident!
MƏNBƏadmiral.az
Əvvəlki məqaləReferendumda “exit-poll” keçirəcək yerli və beynəlxalq təşkilatlar qeydə alınıb
Növbəti məqalədə“Fitch” beynəlxalq reytinq agentliyi daha iki bankımızın reytinqini “mənfi”yə endirib