Natiq Cəfərli ilə bağlı İlham Əliyevə müraciət olunub

Natiq Cəfərli
Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi prezident İlham Əliyevə REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin işini şəxsi nəzarətinə götürmək xahişi ilə müraciət göndərib. Müraciətin tam mətnini təqdim edirik: 
“Möhtərəm cənab Prezident!
Artıq bir aya yaxındır ki, tanınmış iqtisadçı, vətəndaş cəmiyyətinin fəallarından biri olan Cəfərov Natiq Mehman oğlu Nəsimi rayon Məhkəməsinin qərarı ilə  , onun tərəfindən AR Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli şəxs qismində, 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Cəfərov Natiq ölkədə tanınmış iqtisadçılardan biridir və o, mütamadi olaraq kütləvi informasiya vasitəsiləri ilə  hökümətə, ölkənin mövcud iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində praktiki təkliflər verirdi  və onun belə praktik tövsiyələri vətəninə və onun inkişafına olan sevgisindən irəli gəlirdi.
Hörmətli cənab Prezident!
Son dövrlərdə ölkənin vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülmüş bu kimi ittihamlara xitam verilməsi bizdə dövlət və vətəndaş cəmiyyəti arasında normal dialoqun bərpa olunacağına inamı artırdı. Lakin, indi Natiq Cəfərlinin eyni maddələr üzrə istintaqa cəlb olunması və həbs olunması bizdə ciddi narahatlıq doğurur.
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının Prezidenti kimi məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olduğunuzu nəzərə alaraq, Natiq Cəfərovun işini şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik”.
Müraciəti Arzu Abdullayeva, Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Mehman Əliyev, Samir Əliyev, Zərdüşt Əlizadə, Əvəz Həsənov, Qubad İbadoğlu, Aslan İsmayılov, Şəhla İsmayılova, Ələsgər Məmmədli, Mirvari Qəhrəmanlı, Səidə Qocamanlı, Toğrul Cuvarlı imzalayıblar.
Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də saxlanılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə CM-in 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinən şəxs qismində 4 ay müddətinə azadlıqdan məhrum edilib.