NİDA Milli Şuranın və Müsavatın mitinqində iştirak edəcəyini açıqlayıb

Foto: Mehman Hüseynov
Nida Vətəndaş Hərəkatının İdarə Heyəti Milli Şuranın 17 sentyabr, Müsavat Partiyasının isə 18 sentyabrda keçirəcəyi mitinqlərdə iştirakla bağlı qərar qəbul edib. Bu barədə saytımıza hərəkatın idarə heyətindən məlumat verilib. 
Məlumatda qeyd edilib ki, Nida Vətəndaş Hərəkatı hökumətin yarıtmaz siyasətinə, işsizliyə, yoxsulluğa, bahaçılığa, polis, məmur özbaşınalığına və ən əsas monarxiya və şahlıq rejiminin möhkəmlənməsinə etiraz olaraq Milli Şuranın və Müsavat Partiyasının keçirəcəyi 17 və 18 sentyabr saat 15:00-a təyin etdiyi mitinqdə iştirak edəcək.
Qeyd edək ki, Milli Şura 17 sentyabr, Müsavat Partiyası isə 18 sentyabr saat 15:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionuna mitinq təyin edib.
Müxalifət sentyabrın 26-da keçirilən referenduma və hökumətin siyasi, iqtisadi, sosial siyasətinə etiraz edir. Bildirirlər ki, bu referendum və pis idarəçilik ölkəni uçuruma aparır. Buna görə də silsilə mitinqlər keçirirlər.