“Pokemon Go” 2 aya öz oyunçularından 500 milyon $ toplayıb

“Pokemon GO” oyunçuları cəmi 60 gün ərzində bu oyun daxilindəki satınalmalara 500 milyon dollar pul xərcləyiblər.
Daha əvvəl bu sahədə rekord “Facebook” və digər platformalarda tez-tez insanların qarşısına çıxan  “Canda Crush Saga” oyununa məxsus idi. “Candy Crush Saga” 500 milyon dolları 200 gündən artıq müddətdə toplaya bilmişdi. İlin sonuna qədər “Pokemon”un bu sahədə gəlirinin 1 milyard dollara çatacağı gözlənilir.
Oyun özü internetdən smartfonlara pulsuz yüklənir, lakin oyunu asanlaşdıran əlavə predmetlər (pokemonlar üçün tələlər, pokebollar və s.) pulla əldə edilir. İki ay ərzində oyunçular “Google Play” və “App Store” vasitəsilə bu predmetlərin əldə olunmasına yarım milyard dollar sərf ediblər.
“Activision Blizzard” şirkətinin “Candy Crush Saga” oyununa 500 milyon dollar toplamaq üçün 7 aya yaxın vaxt lazım olub. Digər iki hit oyun – “Puzzle & Dragons” və “Clash of Clans” isə 400 günə bu göstəriciyə çatıblar.