“Pula ehtiyacı olan hakimiyyətə özünütəcrid siyasəti baha başa gələ bilər”

İnformasiya mənbələri hökumətin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizmi dəyişdirməsi barədə məlumat yayırlar.
İyulun 23-də Milli Məclisdən verilən məlumata görə, bununla bağlı yeni “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi hazırlanıb. Sənəd Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına daxil edilib. Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Meydan TV məsələ ilə bağlı sabiq vicdan məhbusu, hüquqşünas İntiqam Əliyevlə əlaqə saxlayaraq, bu yöndə yaranan suallara cavab almağa çalışıb.
İntiqam müəllim, söhbətimizə Avropa Məhkəməsinin qərarlarının icrasından başlamaq istərdim, durum necədir?
 – Avropa Məhkəməsinin qərarları dövlətlərin üzərinə onların icrası ilə bağlı öhdəliklər qoyur. Hökumətimiz Strasburq Məhkəməsinin qurban kimi tanıdığı şəxslərə kompensasiya verməklə işini bitmiş sayır. Həmin qərarların icrasından doğan digər öhdəliklərini – gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını alan qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklərlə bağlı hissədə icra etməkdən kateqorik imtina edir.
Məsələn, Avropa Məhkəməsi Azərbaycanla bağlı 10-dan çox qərarında dəfələrlə bəyan etdiyi prinsipi bir daha təkrarladı: pis rəf­tarla bağlı daxil olan şikayətləri araşdırmaq dövlətin öhdə­liyidir. Amma vəziyyət çox pis olaraq qalır. Təkcə elə yerli və beynəlxalq təşkilatların hesabatlarına nəzər sal­maq yetərlidir. “Nardaran işi” ilə bağlı məhkəmə prosesində səslənənlər isə Azərbaycanı işgəncələr ölkəsi kimi dünyaya təqdim edir. Bu qərarların icrası dövlətdən bir sıra mühüm tədbirlərin görülməsini tələb edir. Bunlara müstəqil ekspertiza qurumlarının yaradılması, vəkilin müştərisi ilə onun tutulduğu andan hər hansı icazə olmadan görüşmək imkanının təmin edilməsi, həbsi həyata keçirən qurumların (vəzifəli şəxslərin) dəqiq dairə­sinin, saxlama yerlərinin statusunun müəyyənləşdirilməsi, öz əməkdaşlarının belə Azərbaycanın Quatenaması adlandırdıqları “Bandotdel”in ləğvi, işgəncə barədə şi­ka­yətlərin araşdırılması, həmin şəxslərin cəzalandırılması, qapalı müəssisələrə ictimai nəzarətin təmin olunması və s. daxildir. Hökumət bunları etmək istəmir. Çünki işgəncələr yadfikirliliyi boğmaq, cəmiyyətdə qorxu mühitini qoruyub saxlamaq üçün onun əsas silahlarından biridir.
–  Seçki ilə bağlı şikayətlər də oxşar vəziyyətdədir?
–  Bəli, azad seçki hüququ ilə bağlı AM-in qərarlarının icrası sahəsində durum da eynidir. 2005-ci ilin parlament seçkiləri ilə bağlı AM Azərbaycana qarşı 20-ə yaxın şikayəti təmin etdi. Həmin şikayətlərdə seçicilərə, seçki komissiyalarının üzvlərinə basqılardan tutmuş onların pulla ələ alınmasına qədər, “karusel”dən tutmuş hakimiyyət qurumlarının seçki prosesinə müdaxiləsinə qədər, Dairə Seçki Komissiyasından Ali Məhkəməyə qədər bütün komissiya və məhkəmələrdə səmərəli araşdırmanın yoxluğundan şikayət olunurdu. Onların bir hissəsinə Strasburq Məhkəməsi mahiyyət üzrə baxıb pozuntunu tanıdı. Bir hissəsində isə hökumət özü pozuntunun tanıdığını formal bəyan etməklə şikayətləri baxılan işlərin siyahısından çıxarmağa nail oldu (İsa Qəmbər, Mirmahmud Fəttayev, Fuad Mustafayev, Yaqub Məmmədov və s.). Bu çoxu ciddi müzakirə predmeti oldu, Avropa Məhkəməsi buna görə haqlı olaraq ciddi tənqidlərə tuş gəldi. 2010-cu ilin seçki şikayətləri ilə bağlı hökumət eyni taktikadan istifadə edib, barışıq sazişi təklifi, pozuntunun birtərəfli tanınması yolu ilə  çıxarılacaq qərarların sayını azaltmağa çalışdı, amma bu dəfə də alınmadı. Strasburq Məhkəməsi “bir dəfə aldandım, bəsdir” – deyib, heç bir şikayəti siyahıdan çıxarmadı. 30-a yaxın iş üzrə qərar verilib, bir o qədər iş üzrə də qərar gözlənilir. Bu, çox böyük rəqəmdir. 2015-ci ilin parlament seçkiləri ilə bağlı 100-ə yaxın şikayət verildiyi bildirilir. Əslində, bunu siyasi dilə çevirsək, o deməkdir ki, ölkədə seçkilər azad deyil. Bu qərarların icrası o deməkdir ki, hökumət seçki komissiyalarının tərkibini və formalaşdırılması qaydalarını dəyişməlidir, komissiyalara və məhkəmələrə müstəqillik verməlidir, başda MSK üzvləri olmaqla, seçkilərin saxtalaşdırılmasında iştirak edən komissiya üzvlərini və digər vəzifəli şəxsləri, sifarişli qərarlar verən hakimləri cəzalandırmalıdır.
–  Bəs hökumətin münasibəti necədir?
 –  Problem ondadır ki, hökumət bunları etməkdə maraqlı deyil. Ona görə də üzv olduğu qurumların – ATƏT-in, BMT-nin, Avropa Şurasının qətnamələrini “bunlar bizim üçün kağız parçasıdır” deyib rədd etdiyi kimi, yurisdiksiyasında olduğu Avropa Məhkəməsinin qərarlarını ultimativ şəkildə icra etmir. Çünki hökumət yaxşı anlayır ki, bunları etsə, oturduğu budağı baltalamış olacaq.
 – Bu gün Avropa Şurası İlqar Məmmədovun işi ilə bağlı növbəti qərarını verdi. Amma REAL sədri hələ də həbsdədir. Oxşar durum Əli İnsanovla bağlıdır. Gedişatı necə görürsünüz?
 – Bu işlərə yuxarıda qeyd etdiyim problemlərin kontekstində nəzər yetirmək gərəkdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, beynəlxalq təşkilatların təzyiqləri Azərbaycana qarşı keçərli deyil. Bu ultimatum bir neçə gün öncə Avropa Birliyi parlamentariləri qarşısında ölkə başçısının dilindən bir daha səsləndirildi. Azərbaycan hakimiyyəti ATƏT-in və digər beynəlxalq təşkilatların seçki saxtakarlıqları ilə bağlı hesabatlarını, Avropa Birliyinin siyasi məhbusların dərhal azadlığa buraxılması, vətəndaş cəmiyyətinə basqılara son qoyulması barədə qətnamələrini, Venesiya Komissiyasının Ana Yasaya mürtəce dəyişikliklərlə bağlı mənfi rəyini, BMT məruzəçisinin ölkədə insan hüquqlarının, hüquq müfadiəçilərinin durumu ilə bağlı tənqidi fikirlərini erməni lobbisinin işi, ölkədə iğtişaş yaratmaq istəyən qüvvələrə dəstək olaraq qiymətləndirdiyi kimi Avropa Məhkəməsinin qərarlarını Azərbaycan siyasi təzyiq vasitəsi sayır. Avropa Məhkəməsinə hələ ki, ermənipərəst qurum deməyiblər, amma görünən odur ki, bu məhkəmənin son dövrlərdə Azərbaycanla bağlı qərarları onda çox ciddi narahatlıq yaradır. Azərbaycan hakimiyyəti öyrəşib ki, məhkəmələr onun göstərişi ilə qərar versinlər, lazım olanda qatığa “qara” desinlər. Hakimiyyət İlqar Məmmədovu Avropa Məhkəməsinin qərarı əsasında buraxmaq istəmir. Bu işdə Strasburq Məhkəməsi əz təcrübəsində nadir hallarda müraciət etdiyi qərar verib: REAL sədrinin həbsinin siyasi motivli oduğunu bəyan edib və dərhal azadlığa buraxılmasını tələb edib. Hakimiyyət həmin qərarı həm də ona görə icra etmək istəmir ki, həm beynəlxalq qurumların, həm də ora müraciət edənlərin ayağı yer almasın. Hakimiyyət eynilə Əli İnsanovu da əfv ərizəsi alıb buraxmaq istəyir. Həm dikbaş sabiq səhiyyə nazirini sındırmaq, həm də hakimiyyətin içindən çıxıb sonra onun üzünə ağ olan digər məmurlara da dərs vermək istəyir. Hakimiyyət həm də topluma təkrar-təkrar mesaj verir ki, mən Avropa Şurasını, onun Nazirlər Komitəsini və ya sizin güvəndiyiniz Avropa Məhkəməsini hərləmirəm.
Yəni Avropa Məhkəməsinin qərarları hakimiyyətə çoxmu təhlükəlidir? Onsuz da kompensasiya ödənişi istisna olmaqla onları icra eləmir…
– İlk baxışdan elə bir ciddi təhlükə yoxdur. Amma o biri tərəfdən də, qərarlar diskomfort yaratmağa başlayıb. Həm onların sayı çoxalır, həmin qərarların icrası tələbləri daha bərk səsləndirilir. Bu işlərə üçüncü şəxs kimi qatılan nüfuzlu beynəlxalq təşkilatların və şəxslərin (Avropa Şurasının İnsan Hüquqları Komissarı, BMT-nin məruzəçiləri və s.) dairəsi genişlənib. Təbii, bunlar hökuməti narahat etməyə bilməz. Hətta kompensasiyaları götürək. Əvvəl hökumətin pulu çox idi, o biri öhdəliklərini icra etmirdi, amma kompensasiyaları vaxtlı-vaxtında ödəyirdi, heç vecinə də deyildi. Amma iqtisadi böhran və pul qıtlığı şəraitində həcmi getdikcə artmaqda olan kompensasiyalar da problemə çevrilə bilər. Son dövrlər kütləvi hal alan mülkiyyət hüququna müdaxilə ilə bağlı şikayətlər üzrə digərlərindən fərqli olaraq daha böyük miqdarda, yüzminlərlə, milyonlarla ölçülən cərimələr gözlənilir.
Yəqin ki, Milli Məclisin yeni gündəliyindən xəbəriniz var. Gündəliyə AM-in qərarlarını kim tanınmaması prosedurunu özündə ehtiva edən layihə daxil edilib. Bu baxımdan  necə olacaq?
– Qanun layihəsi ilə tanış deyiləm. Amma yəqin Rusiyanın yolu ilə gedəcəklər. Hökumətin xoşuna gəlməyən qərarları Kostitusiya Məhkəməsi başıbəlalı Ana Yasamıza zidd sayacaq. Əvvəla, onu deyim ki, hüquqi baxımdan, bu, o qədər də asan iş olmayacaq. Məsələn, düşünürəm ki, hazırda AM-in icraatında olan və ya ora göndərilməsi planlanan işlər ürzə – Xədicə İsmayılın, Seymur Həzinin, Abgul Süleymanovun, Mövsüm Səmədovun, “Nardaran işi” və digər qondarma işləri üzrə veriləcək qərarları tanımayıb nə yazacaqlar ki?! Avropanın nüfuzlu hüquqşünaslarının qərarının ədalətliliyini kim təftiş edəcək? Konstitusiya Məhkəməsimi? Ölkədə keçirilən seçkilərin hamsını azad sayan, bu quruma seçki və digər siyasi hüquqların pozuntusu ilə bağlı daxil olan bütün şikayətləri icraatına götürməyə belə cəsarəti çatmayan, mürtəce referendum layihələrini Ana Yasaya uyğun sayan KM bu haqqı çoxdan itirib. Hərçənd, o biri tərəfdən, saxta seçkiləri tanıyanda və ya 1 ay öncə Ana Yasaya biabırçı dəyişikliklərə bəraət qazandıranda nə yazıblarsa, ondan da yazacaqlar. Olsun. Onlar dünyanı özlərinə güldürməkdə, biz isə işimizdə davam.
Bəli, bu istiqamətdə ilk addımı Rusiya atıb, ardınca Azərbaycan ata biləcəkmi?
– Bilirsiniz ki, Rusiya Avropa Məhkəməsinin əleyhinə qərar çıxardığı ölkələrin siyahısına başçılıq edir. Bu qərarların arasında çeçen işləri və Rusiya büdcəsinə bir neçə milyarda başa gələn “Xodorkovskinin işi” kimi işlər qonşularımızı narahat etməyə başlamışdı. Ona görə Rusiya Strasburq Məhkəməsinin təsirini azaltmaq məqsədilə bu addıma gedib. Azərbaycan Avropa Şurasının üzvü olan hələlik ikinci ölkədir ki, buna getmək istəyir. Amma inanmıram ki, indiki halda, bu, onun xeyrinə olacaq. Əvvəla, Rusiya çox pis müttəfiqdir, onunla dostluq edən ölkələrin durumu göz qabağındadır. İkincisi, Azərbaycan Rusiya deyil, onun ən azı, iqtisadiyyatı var və neftin düşməsi ilə bağlı böhran bu ölkəni xeyli zəiflətsə də, neftdən asılı və ona ayaq üstə durmağa imkan verən yetərincə resursları qalır. Azərbaycanda durum xeyli fərqlidir. Rəsmi Bakı uzun illər rahatlıqla insan haqları ilə bağlı çağırışları da, onları səsələndirənləri də rahatlıqla rədd edə bilirdi: ölkə daxilində bu cür davranışa etiraz edə, ona yerini göstərə biləcək institutları sistemli qaydada sıradan çıxarıb. Xarici təsir mexanizmlərini kürü, neft, Rusiya faktoru hesabına önəmli dərəcədə zərərsizləşdirə bilib. İndi durum dəyişib. Keçmiş dostları və himayədarları tədriclə ondan üz döndərməyə başlayıb, hətta iş o yerə çatıb ki, dilsiz-ağızsız BMT də dilə gəlib. Bu gün hakimiyyətin durumu daha çox quru bəyliyi xatırladır. Pula ehtiyacı olan hakimiyyətə özünütəcrid siyasəti baha başa gələ bilər.