Putin: Kuril Adaları məsələsində Yaponiya ilə razılaşmağa çalışacağıq

Rusiya Dövlət Başçısı Vladimir Putin, Cənubi Kuril adalarına dair Yaponiya baş naziri Şinzo Abe ilə görüşəcəklərini və razılıq əldə etməyə çalışacaqlarını bildirib.
Putin jurnalistlərə verdiyi müsahibə zamanı, problemin dostca həllinin tərəfdarı olduğunu vurğulayıb:
“Hər hansı bir mübadilə və ya satışı nəzərdə tutmuruq. Məğlub ya da itirmiş tərəflər deyilik və bu məsələ məğlubiyyətə uğrayanların həll yolu tapma səyi də deyil.”
Qeyd edək ki, Rusiyanın açıqlamalarında Kuril adalarının Saxalin vilayətinin bir parçası olduğu iddia edilir.
Hər iki ölkə rəsmilərinin bəyanatlarına baxmayaraq, Cənubi Kuril adaları problem olaraq qalır. Yaponiya və Rusiya arasında bu adaların Rusiyaya daxil olması barədə heç bir müqavilə yoxdur.
Yaponiya iddia edir ki, Iturup, Kunaşir, Şikotan adaları və Habomay arxipelaqı 1855-ci ildə imzalanmış Rusiya-Yaponiya müqaviləsinə görə yaponlara aiddir. Saxalin adası isə bu müqaviləyə görə bölünməyən ortaq ərazi sayılmalıdır.
Rusiya isə iddia edir ki, Ikinci Dünya Müharibəsinin nəticələri müzakirə mövzusu ola bilməz.