Qaraciyər serrozundan əziyyət çəkən gənc nazirliyin qarşısında etiraz etdi – video

Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən 26 yaşlı gənc Səhiyyə Nazirliyinin qarşısında etiraz edib.
Yaxınlarının və özünün bildirdiyinə görə, o 5 il əvvəl xəstələnib. Bu müddət ərzində isə dövlət tərəfindən heç bir şəkildə gəncə yardım göstərilməyib.
Halı pis olmasına rəğmən 26 yaşlı gənc nazirliyin binasına gedərək, səhiyyə nazirinin yaxud nazir müavinin bayıra çıxmasını tələb edib, vətəndaşa reaksiya verilmədikdə qapının ağzında etiraz edib:
“Ölməliyəm mən? Eurovisiona, Olimpiadaya pul tapırsız, qabaqdan referendum gəlir, hansınıza səs verim? Vətəndaşam mən, deyirlər sənə dövlətdən müalicə yoxdur. Bəs hara gedim, bu dövlətin vətəndaşı deyiləm mən?”
Daha sonra Nazirliyin qapısının qarşısında oturan gənc bildirib ki, əgər binadan heç kim çıxamasa özünü maşının altına atacaq:
“Ordan kimsə çıxmalıdır, bəsdir daha! Kimə, hansı dövlətə qulluq edirsiz? Hərənizin milyonluq maşını var, nəyə oturmusuz orda? İnsanlıq var, ya yox? Mən də gəncəm, sizin gənciniz. Hansı dövlətə şikayət edim, imtina edim bu dövlətdən?”
Giriş qapısında dayanan Nazirliyin işçiləri Səhiyyə Nazirinin orda olmadığını bildiriblər. Nazirin əvəzinə səlahiyyətli nümayəndənin kim olduğu soruşulanda isə, cavab verilməyib.
Ardınca binanına içinə girə bilən gənc ilə atası mühafizəçi tərəfindən kobud şəkildə çölə atılıb.
Ətrafdakı sakinlərin sakitləşdirmələrinə baxmayaraq halı pisləşərək yerə yıxılan 26 yaşlı gəncin yanına Təcili Tibbi Yardım işçiləri gələrək, ilk köməkliyi göstəriblər.
Binanın barmaqlıqları ardından hadisələri izləyən Nazirlik işçiləri isə sadəcə xəstəyə gülməklə kifayətləniblər.