“Rəisin otağına girən kimi ciblərimi çölə çıxartdım, oturdum”

Bu gün bloqqer Mehman Hüseynov Bakı Şəhər Polis İdarəsinə çağırılıb. İdarədə onunla 1 saata yaxın söhbət edilib. 
Bu barədə Mehman Hüseynov sosial şəbəkədə açıqlama yayıb. O, idarəyə bəzənib getdiyini bildirib:
“Rəisin otağına girən kimi şalvarın ciblərini çölə çıxartdım, oturdum onunla üzbəüz. Polis işçisi gülərək sual verir ki şalvarın cibini niyə belə edibsən? Deyirəm bu təzə dəbdi, özqm kəşf etmişəm, şəhərdə belə gəzirəm. Polis idarəsinə də belə gəlmişəm, fikirləşdim ki, birdən sehirli çubuğunuzu işə salıb cibimnən iqruşka zad çıxardadız. Möcüzə baş verdi, cibimdən tank, şəkər tozu, un heçbirşey çıxmadı”.
Buna da baxın: Mehman Hüseynov polisə çağırılıb
Bloqqer Milli Məclisin bugünkü iclası, SANCAQ-ı bağlatdırmaq məsələsi və günün sonunda onun polis idarəsinə çağırılmağını heç də təsadüf hesab etmir.
“Yenə mənə ölkədə analoqu olmayan inkişaf haqqında nağılları danışıblar. Mənə deyirlər ki, haqq yoluna gəl, özünü təhlükəyə atma, bu xalqa görə dəyməz nəsə eləmək, gələcəyini düşün, sənə işıqlı gələcək qura bilərik”, – deyə qeyd edib Hüseynov.
Jurnalist təklifləri, vədləri çox eşitdiyini və hamısından dərhal imtina etdiyini bildirib. Mehman Hüseynov deyib ki, ona nə onların varlığı, nə işıqlı gələcəyi, heç nəyi lazım deyil.
Buna da baxın: Parlamentdə “MeydanTV” və “SANCAQ”ın bağlanmağı məsələsi qaldırılıb
“Polis idarəsində bildirdim ki, biz normal ölkədə yaşamaq istəyirik. Biz istəyirik ki, vətəndaşlara dəyər verilsin, iş yerləri açılsın, rüşvətxorluq, qanunsuzluq, məmur özbaşnalığı olmasın. Normal təhsilimiz, səhiyyəmiz olsun. Bütün günü oturubsuz isti kreslolarda, arada bir pəncərədən baxın görün ölkəni nə günə qoyublar. İşsizlik, pulsuzluq, ərzaqların qiyməti günü gündən qalxır, camaat acınnan günorta durur. Buna necə göz yuma bilərik?” – deyə vurğulayıb bloqqer.
M.Hüseynov qeyd edib ki, o heç bir qanunsuz işlə məşğul olmur, doğru yolda olduğunu düşünür və heçnə, heç kim onu bu yoldan döndərə bilməz.