Rahim Hacıyev: “Artıq heç nə istisna olunmur, həbs də ola bilər”

“Azadlıq” qəzetinin çapı hələ də mümkün deyil.
Bu haqda qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib. Onun sözlərinə görə, nəşriyyata borclarının bir hissəsini ödəməyə hesabdan pul götürə bilmirlər:
“Problemimiz yaranıb. Bank əməliyyatlarının aparılmasından ötrü əməkdaşlardan birinin imza nümunəsinin təsdiqi lazımdır. Yalnız bundan sonra bank əməliyyatları aparmaq mümkündür. Bu dəfə imza təsdiqinə imkan verilmədi, həmin sənədlərlə yeni imza təsdiqindən imtina etdilər. Əvvəllər dəfələrlə bu təcrübədən istifadə etmişik”.
Rahim Hacıyev imtinanın səbəbini bilmir. Ancaq deyir ki, bu problem aradan qalxacağı təqdirdə qəzet yenidən çapını davam etdirə bilər: “Hesabımızda 5 min manat pulumuz var. Amma pulu götürə bilmirik. Biz o vəsaiti götürə bilsək, dərhal qəzet çıxa bilər”.
“Azadlıq” qəzeti əvvəllər də maliyyə çətinlikləri yaşayıb və oxucularından yardım istəyib. Ancaq Rahim Hacıyev bu dəfə yardım istəyə bilmədiklərini söyləyir. Bunu da ölkədə yaşanan iqtisadi böhranla izah edir: “Açığı, ölkədə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb, xüsusən də ikinci devalvasiyadan sonra dəhşətli nəticələrin şahidi olduq. Əhalinin vəziyyəti ağırdır, ona görə də belə yardım istəyə bilmərik. Biz sənəd problemini həll etməkdən ötrü səylərimizi davam etdiririk”.
Qəzet əməkdaşlarının istintaqa çağrılmasından da söz açan R.Hacıyev bildirib ki, bu hadisələr yeni həbslərin mümkünlüyü haqda ehtimallara yol açıb: “Artıq heç nə istisna olunmur. Uzun illərdir ki, azad mətbuata təzyiqlər var və bu təzyiqlər davam edir. Hər şey ola bilər, həbs də istisna edilmir”.
Xatırladaq ki, qəzetin iki əməkdaşı – Xəyal Babayevlə Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindiriliblər. Ancaq sentyabrın 6-da və 7-də dindirilən əməkdaşlar yazılı iltizam verdiklərindən çağrılma səbəbləri haqda danışmayıblar. Vidadi Məmmədov, sadəcə, onu deyib ki, “Azadlıq” qəzetinin işi ilə bağlı dindirilib.
Qəzetin texniki direktoru və AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli avqustda həbs olunub, hüquq-mühafizə orqanları onu “Gülençi”, “Hizmet” hərəkatının imamı kimi təqdim edir. F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.
AXCP sədri Əli Kərimli köməkçisi haqda ittihamı rədd edir, onun siyasi sifarişlə həbs edildiyini bildirir.
MƏNBƏAzadlıq Radiosu
Əvvəlki məqaləBakı Dəmir Yol Vağzalının açılış tarixi bəlli olub
Növbəti məqalədə“Sony” ev işini görən robot buraxacaq