Rüfət Səfərov vəkili ilə görüşüb

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən, rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.
Bu barədə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil bildirib ki, görüş zamanı o R.Səfərovun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: “Rüfət özünü normal hiss edir, saxlanma şəraitindən narazılığı yoxdur. Qanunvericiliyə əsasən, o həftədə bir dəfə ailə üzvləri ilə görüşür”.
Vəkil bildirib ki, R.Səfərov barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü ala bilməyiblər. Məhkəmənin hökmü alınandan sonra hökmdən apelyasiya şikayəti veriləcək.
Müdafiəçi qeyd edib ki, o, hökmü almaq üçün bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.
Ötən il dekabrın 20-də o, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.
Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra – yanvarın 22-də isə Binəqədi rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.
Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.
R.Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.