Ruslan Nəsirli: “Atamı icra başçısı və polis döyüb”

AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Ruslan Nəsirlinin atası icra başçısı və polis rəisi tərəfindən döyülüb. Səbəb isə ailəlikcə mitinqlərdə iştirak etmələridir. Bu barədə Ruslan Nəsirli sosial şəbəkədə məlumat yayıb. 
Cəbhəçi fəal bildirib ki, 11 və 17 sentyabr mitinqində ailəsi ilə birlikdə iştirak ediblər. Buna görə icra başçısı və polis onların ailələrinə təzyiq göstərir:
“Artıq iki gündür ki, icra numayəndələri atamın iş yerinə gedərək mitinqdə niyə iştirak etdiyini soruşurlar. Atam bunun onlara heç bir aidiyyatı olmadığını bildirərək, iş yerindən uzaqlaşdırıb”.
Ruslan Nəsirli bildirib ki, bu gün isə atasını polislər zorla gücünə icra hakiminin kabinetinə aparıblar:
“İcra başçısı öz ağalarının sifarişindən ilhamlanaraq atamı küçə soyüşləri ilə təhqir edib. Cavabını aldıqdan sonra isə polis rəisi, şəhər soveti və icra başçısı atamı təkləyərək döyüblər. Bütün hüquq müdafiə təşkilatları və müstəqil media qurumlarının bu məsələni maksimum işıqlandırmasını xahiş edirəm”.