Şahidlər məhkəməyə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Abbas Ağacanov ifadəsində işlə bağlı Ə. Kərimzadəyə pul verdiyini, lakin həmin pulun qaytarıldığını deyib. O, təqsirləndirilən şəxs barəsində hər hansı şikayətinin olmadığını qeyd edib.
Məhkəmə şahidlərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarıb.
Proses oktyabrın 10-da davam etdiriləcək.
İttihama görə, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı, mərhum  Fərman Kərimzadənin oğludur.